Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin gənclərə öyrədilməsi məqsədilə Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə açıq dərs keçilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin böyük məsləhətçisi Tural Rzayev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi dövlət qurulmasından ibarət olub. Bu məram partiya sıralarının qısa müddətdə vətənpərvər gənclərin hesabına genişlənməsinə səbəbiyyət verib.
Qeyd edilib ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən gənclər siyasəti milli dəyərlərə söykənən, Vətəninə, xalqına bağlı olan, müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsi məqsədi daşıyıb. Ulu öndərin gənclərlə çoxsaylı görüşü, dəyərli tövsiyələri onların ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edib. Gənclərlə iş sahəsində normativ-hüquqi sənədlərin qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verib. Ümummilli liderimizin əsasını qoyduğu gənclər siyasəti bu gün muxtar respublikamızda da uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində gənclərin sağlam, vətənpərvər ruhda formalaşmaları, yüksək səviyyədə təhsil almaları, cəmiyyətin müxtəlif sahələrində fəal iştiraklarının təmin edilməsi üçün ardıcıl tədbirlər görülür. Görülən işlərin nəticəsidir ki, onlar bu gün öz intellektual səviyyələri, bilik və bacarıqları ilə seçilir, mötəbər tədbirlərdə xalqımızı layiqincə təmsil edir, beynəlxalq idman yarışlarında Azərbaycan bayrağını ən yüksək kürsülərdə dalğalandırırlar. Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi də gənclərimizin fəallığının əsas göstəricilərindən biridir. Tural Rzayev sonda vurğulayıb ki, Azərbaycan gənci bundan sonra da dövlətçilik ənənələrini daim uca tutacaq, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda formalaşacaq.
Heydər Əliyev Muzeyinin direktoru, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədr müavini Ramil Orucəliyev isə vurğulayıb ki, Naxçıvanda taleyüklü tarixi qərarların qəbul edildiyi bir vaxtda ölkəmizdə naşı, səriştəsiz rəhbərlərin yarıtmaz siyasəti milli dövlətçiliyimizin real məhvolma təhlükəsi ilə üz-üzə qalmasına səbəb oldu. Məhz bu zaman xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli liderimizin düşünülmüş siyasəti nəticəsində Azərbaycanda əmin-amanlıq bərqərar edildi, ölkəmiz çiçəklənmə dövrünə qədəm qoydu. Bu gün hərtərəfli inkişaf edən respublikamız və onun ayrılmaz tərkib hissəsi olan qədim diyarımız Heydər Əliyev ideyalarının işığında özünün yüksəliş mərhələsini yaşayır.
Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilib.
Ceyhun MƏMMƏDOV