23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və təşkilatın Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə bu ilin aprel ayından start verilən “Mən muxtar respublikanın tanıdılması və inkişafı üçün nə etmişəm?” adlı inşa yazı müsabiqəsinin qalibləri müəyyənləşib. Bununla bağlı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyində Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində təhsil alan tələbələrin iştirakı ilə “Muxtar respublikanı necə tanıdırıq” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli çıxış edərək bildirib ki, Naxçıvanın coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri ilə zənginliyi turizmin inkişafı üçün əlverişli şərait yaradır. Ona görə də Naxçıvanın turizm potensialının tanıdılması əsas vəzifə kimi qarşıya qoyulub və mütəmadi olaraq bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Görülən işlərdə aid təşkilatlarla yanaşı, gənclərin də fəallığı təqdirəlayiq hal kimi qiymətləndirilir və bu, ilbəil müsbət nəticələrini verməkdədir.

Qeyd olunub ki, muxtar respublikada gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılmasına, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, onların intellektual inkişafına və asudə vaxtlarının səmərəli təşkilinə də xüsusi diqqət yetirilir, istedadlı gənclərin üzə çıxarılması məqsədilə müxtəlif yaradıcılıq müsabiqələri təşkil olunur. Cari ilin aprel ayından start verilən “Mən muxtar respublikanın tanıdılması və inkişafı üçün nə etmişəm?” adlı inşa yazı müsabiqəsi gənclərin yaradıcı qabiliyyətlərini aşkara çıxarmaqla yanaşı, həm də doğma diyarımızın turizm potensialının təbliği baxımından əhəmiyyət daşıyır.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin böyük məsləhətçisi Pəri İbrahimova çıxışında son illərdə muxtar respublikanın turizm potensialının tanıdılması istiqamətində görülən işlərdən söhbət açıb. Qeyd edib ki, qədim diyarda bütün sahələrdə gedən dinamik inkişaf, muxtar respublikanın təhlükəsiz region kimi tanınması buraya gələn turistlərin sayının ilbəil artması ilə nəticələnib. Belə ki, cari ilin ötən dövründə Naxçıvana 330 mindən artıq turist gəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
Tədbirdə muxtar respublikanın turizm potensialının təbliği yolları ilə bağlı geniş müzakirələr aparılıb, məsələ ilə əlaqədar gənclər müxtəlif fikir və mülahizələr irəli sürüb, təkliflər səsləndiriblər.
Sonra müsabiqə qaliblərinə ­diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR