Naxçıvan Muxtar Respublikası Turizm Diyarşünaslıq Mərkəzində fəaliyyət göstərən dərnəklərə üzv olan Naxçıvan şəhər məktəblilərinin payız tətilini səmərəli keçirmələri məqsədilə onların mədəniyyət müəssisələrinə ekskursiyaları təşkil edilib.
Duzdağ Fizioterapiya Mərkəzində şagirdlər mərkəz ilə yaxından tanış olub və Naxçıvan duzunun müalicəvi əhəmiyyəti haqqında geniş məlumat alıblar.
Duz Muzeyinə gələn şagirdlər buradakı eksponatlara maraqla baxıblar. Qeyd olunub ki, muzey ekspozisiya zalı və iş otaqlarından ibarətdir. Burada 81 eksponat, o cümlədən duzdan hazırlanmış müxtəlif fiqurlar, Naxçıvan Duzdağı haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh Peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, “Duzdağ” sənədlər toplusu nümayiş olunur. Muzeydə duzla bağlı şifahi xalq ədəbiyyatı nümunələri nümayiş etdirilir. Ekspozisiyadakı daş alətlər, daş çəkic və çapacaqlar, duz torbaları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə və baltalar, duz kristalları, karsit və duz süxurları Naxçıvan Duzdağının qədim tarixini və mədəni potensialını özündə əks etdirir.
Şagirdlər, həmçinin Naxçıvan Dövlət Tarix Muzeyində, Nəbatat bağında da olub, ekskursiyalar zamanı məktəblilərə Naxçıvan Muxtar Respublikasının turizm potensialı haqqında ətraflı məlumat verilib.
Aygün Nəcəfova