23 Dekabr 2024, Bazar ertəsi

Bu günlərdə Naxçıvan Müəllimlər İnstitutunda AMEA-nın həqiqi üzvü Tariyel Talıbov və institutun Ümumi fənlər kafedrasının baş müəllimi Lamiyə Quliyevanın birgə müəllifliyi ilə yenicə işıq üzü görmüş “Naxçıvan Muxtar Respublikasının florası – Papaveraceae Juss” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev bildirib ki, ölkəmizdə fəaliyyət göstərən akademiya sisteminin qurumları ilə ali təhsil müəssisələrinin elmi əmək­daşlığı, yeni elmi biliklərin tədrisə daxil edilməsi və cari tədris ilində institutda Biologiya müəllimliyi ixtisası üzrə kadr hazır­lığına başlanılması baxımından yeni nəşr mühüm əhəmiyyət kəsb edir. Monoqrafiyanın həmmüəllifi, institutun baş müəllimi Lamiyə Quliyeva həm də bu sahədə fundamental elmi-tədqiqat aparıb.

Tədbirdə Ümumi fənlər kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Asif Axundovun “Naxçıvan Muxtar Respublikasında laləkimilərin tədqiqinə sanballı töhfə”, AMEA Naxçıvan Bölməsinin Nəbatat şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Əfruz Nəsirovanın “Naxçıvan Muxtar Respublikasının florası – Papaveraceae Juss” kitabının elmi-praktik əhəmiyyəti” mövzularında məruzələri dinlənilib.
Məruzə və çıxışlardan sonra müəlliflərdən Lamiyə Quliyeva muxtar respublikamızda, onun elm və tədris müəssisələrində elmi tədqiqatların aparılması, əldə olunmuş biliklərin təhsil müəssisələrində tədrisə tətbiq edilməsi üçün yaradılmış şəraitə, bu istiqamətdə çalışan mütəxəssislərə göstərilən diqqət və qayğıya görə müəlliflər adından dərin minnətdarlığını bildirib. O, tələbələrin suallarını cavablandırıb, yeni nəşrdən tədbir iştirakçılarına və institut kitabxanasına hədiyyə edib.
Təqdimatdan sonra əsərin yazılmasında istifadə edilmiş, tədqiqatçılar tərəfindən hazırlanmış çoxsaylı herbarilərə baxış keçirilib.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR