Azərbaycan Respublikasının Gənclər Fondunun təhsil haqqını ödəməkdə çətinlik çəkən istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqənin Naxçıvan Dövlət, “Naxçıvan” universitetlərində və Naxçıvan Müəllimlər İnstitutunda təqdimatları keçirilib.
Tədbirlərdə universitet rektorlarının, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyevin, Azərbaycan Respublikası Gənclər Fondunun əməkdaşları Çingiz Əsgərlinin və Orxan Sədizadənin çıxışları olub.
Çıxışlarda bildirilib ki, Azərbaycanda gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət hazırda dövlətimiz tərəfindən yüksək səviyyədə davam etdirilir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli Fərmanının icrasına uyğun olaraq keçirilən bu tədbir Azərbaycanda ilk pilot layihədir. Maliyyələşmə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürülür. Maliyyələşmə təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur. Müraciət etmək istəyən gənclər fondun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən fonda göndərməlidirlər.
Fond tərəfindən Milli qəhrəmanların övladları, I, II və III qrup əlil olan gənclər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər, I qrup əlil valideyni olan gənclər, hər iki valideyni I,II, III qrup əlilliyi olan gənclər və aztəminatlı ailədən olan gənclərin müraciətlərinə üstünlük veriləcəkdir.
Vurğulanıb ki, Naxçıvan Dövlət, “Naxçıvan” universitetləri, Naxçıvan Müəllimlər İnstitutu daxil olmaqla, 31 ali təhsil müəssisəsinin əyani və qiyabi təhsilalma formaları üzrə, bakalavr və magistr təhsil pillələrində olan 16-29 yaşlı tələbələr elektron ərizə formasını müvafiq qaydada doldurub, müraciət edə bilərlər.
Qeyd edək ki, tədbirdə elektron ərizə formalarının doldurulması qaydaları slaydlar vasitəsilə nümayiş etdirilib. Müraciətlər noyabrın 2-dən noyabrın 18-i saat 2000-dək qəbul ediləcəkdir. Fond tərəfindən müraciətlərə 15 gün ərzində baxılacaqdır. Nəticələr barədə məlumat fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaqdır.
Xəbərlər şöbəsi