Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Klinik Xəstəxanasında “Gənclərin sağlam həyat tərzi milli genofondumuzun əsasıdır” mövzusunda elmi-nəzəri seminar keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq gənclərin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.
Fakültənin Ümumi təbabət və gigiyena kafedrasının müdiri, dosent Gültəkin Əliyeva “Gənclərə sağlam həyat tərzinin aşılanması” mövzusunda danışaraq yeniyetmə və gənclərin sağlamlığının valideynlərinin sağlamlığından, uşaqlıq dövründə keçirdikləri xəstəliklərdən, qidalanma pozğunluğundan, qoruyucu peyvəndlərin alınmaması və sosial, psixoloji vəziyyətlərdən asılı olduğunu vurğulayıb.
“Gənclərin inkişafında sağlam qidalanmanın rolu” mövzusunda çıxış edən kafedranın müəllimi Sara Rəhimli qeyri-düzgün qidalanmanın uşaq və gənclərin, reproduktiv yaşda olan qadınların, hamilə və laktasiya dövründəki anaların orqanizminə mənfi təsir göstərə biləcəyini deyib.
Müalicə işi ixtisası üzrə V kurs tələbəsi Bənövşə Qasımova “Düzgün həyat tərzi və vaxtın idarə olunması” mövzusunda çıxış edib.
Sonda mövzu ətrafında müzakirələr olub.
Badəm MƏMMƏDOVA