Noyabrın 3-də Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə VIII-IX sinif şagirdləri arasında VI Respublika Olimpiadasının Naxçıvan Muxtar Respublikası üzrə onlayn turu təşkil olunub.
“İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində keçirilən imtahanda 36 şagird iştirak edib. İmtahan turu 10 sualdan ( 3 fizika, 3 kimya, 4 riyaziyyat) ibarət olub və sualların cavablandırılmasına 45 dəqiqə vaxt ayrılıb.
Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında elmi-texniki sahələrə marağı artırmaq, istedadlı gəncləri üzə çıxarmaq, eləcə də müxtəlif beynəlxalq müsabiqələrdə gənclərin daha uğurlu iştirakını təmin etməkdir.
Qeyd edək ki, nəticələr bu gün www.istedad.az saytında yerləşdiriləcək. Üç turdan ibarət olan onlayn turların istənilən birində yüksək göstəricilər nümayiş etdirmiş gənclər olimpiadanın final turunda iştirak etmək hüququ qazanırlar.
Güntac ŞAHMƏMMƏDLİ