Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası məqsədilə Naxçıvan Dövlət Universitetində keçirilən silsilə tədbirlər davam etdirilir. Ali təhsil ocağının Pedaqoji fakültəsi ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkil etdiyi elmi-nəzəri konfrans da bu məqsədə xidmət edib.
Əvvəlcə universitetin Çağırışaqədərki hazırlıq və mülki müdafiə ixtisası tələbələrinin sıra hazırlığı dərsinə baxış olub.
Tədbirdə çıxış edən rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov vurğulayıb ki, universitetdə tələbə-gənclər Vətənə sonsuz sədaqət, xalqa məhəbbət, milli adət və ənənələrə hörmət, hər an Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq ruhunda tərbiyə olunur.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov “Müstəqillik xalqımızın ən böyük sərvətidir” mövzusunda çıxışında qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılıb, digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da islahatlar aparılıb. Ordunun müasir texnika ilə gücləndirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasi fəaliyyəti nəticəsində inamla irəliləyir. Ölkə başçısının fəaliyyətinin ana xəttini təhlükəsizlik, ictimai-siyasi sabitlik, iqtisadiyyatda davamlılıq, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi, ordu quruculuğu təşkil edir.
Diqqətə çatdırılıb ki, 2016-cı ilin aprel döyüşləri, bu ilin may ayında zəfərlə başa çatan Günnüt əməliyyatı Azərbaycan xalqının qələbəyə inamından, ordu və xalq birliyindən, əsgər və zabitlərin döyüş əzmindən xəbər verir.
Xidmətin əməkdaşı, mayor Vüsal Əliyev Azərbaycan Respublikasının Dövlət Bayrağının dövlət müəssisələrində, ictimai təşkilatlarda müvafiq formada istifadə qaydaları haqqında məlumat verib.
“Dövlət bayrağımız qürur mənbəyimizdir” adlı çıxışında həmin kafedranın müəllimi Pərviz Allahverdiyev Dövlət Bayrağı Gününün tarixinə nəzər salıb, 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamını xatırladıb. Vurğulanıb ki, Milli Məclis həmin il dekabrın 4-də noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Sonda fakültənin dekanı, dosent Vəli Əliyev belə hamilik tədbirlərinin keçirilməsinin tələbələrin nəzəri biliklərinin təcrübədə möhkəmləndirilməsindəki rolundan danışıb.
Səadət ƏLİYEVA