Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin təşkilatçılığı ilə şəhər və rayon təhsil şöbələri əməkdaşlarının, təhsil müəssisələrinin “Şagird-məzun informasiya sistemi”nin əlaqələndiriciləri üçün seminar keçirilib.
Seminarda Regional Bölmənin rəhbəri Sabir Məmmədov 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli və “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə qaydaları haqqında məlumat verib.
Qeyd edilib ki, test imtahanlarına muxtar respublikanın ümumtəhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazası formalaşdırılır. Bu işin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədilə 2014-cü ilin noyabr ayından “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə edilir. Bu sistem vasitəsilə nəzarətçilərin qeydiyyatı elektron üsulla aparılır.
Sonra Təhsil Nazirliyinin sektor müdiri Məmməd Bayramov seminar iştirakçılarına 2018-2019-cu tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun informasiya sistemi”nə daxil edilməsi, yekun qiymətləndirmənin aparılması, buraxılış siniflərində təhsil alan bütün şagirdlər barədə zəruri məlumatların sistemə daxil edilməsi ilə bağlı müvafiq qaydaları izah edib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Sonda seminar iştirakçılarına “Şagird-məzun informasiya sistemi” ilə bağlı istifadəçi təlimatı təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat xidməti