23 Dekabr 2024, Bazar ertəsi

Bu qadın Azərbaycan Milli Elmlər Akademiyasının  Naxçıvan bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovadır.  2018-ci ilin ötən dövrü ərzində bir-birinin ardınca  Paris, Moskva kimi dövlətlərin paytaxt şəhərlərində böyuk elmi nailiyyətlər qazanmasından duyduğumuz qürur hissi  bizi onunla görüşə apardı.  Bu ziyalı, eyni zamanda nəcib, təvazökar qadınla  tanış olub söhbətləşdik. Öyrəndik ki,  o, Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin təsis etdiyi impakt faktorlu  nüfuzlu jurnallarda dərc olunan məqalələrinə və elmi fəaliyyətinə görə 1 fevral 2018-ci il tarixdə Akademiyanın prezidiumunda bu elm ocağının professoru elmi adını alıb. Elə buradaca Fizzə xanımla söhbət zamanı bir zamanlar xəyalında canlandırdığı arzularını xatırlamaq  yerinə düşər. O, deyir:  “Hələ balaca bir qızkən həmişə professor olacağam, deyirdim. Böyüdüm, təhsil aldım, arzuma çatmaq üçün mübarizələr apardım. Lakin səhhətimdə yaranan problemlər arzuma çatmağa yol vermədi. Sən demə mənim professor olmaq arzum belə gerçəkləşəcəkmiş: 2018-ci ildə Rusiya Federasiyasında”.

Fizzə Məmmədova fevral ayının 20-də isə  “Elmin qızıl fondu” milli proqramı  çərçivəsində Rusiya Təbiətşünaslıq Akademiyasının “Əməkdar elm və texnika xadimi” fəxri adına layiq görülüb.      

Mart ayının 16-19-da Parisdə keçirilən 38-ci Beynəlxalq Luvr sərgisində bir çox Avropa ölkələrinin alim, yazıçı və müəlliflərinin elmi və pedaqoji fəaliyyətinin intensivliyini artırmaq, kitab, monoqrafiya, dərslik, metodik vəsait və elektron nəşrlərin elmi paylaşmasını gücləndirmək məqsədilə 30 min kitabın sərgisi təşkil olunub. Fizzə Məmmədovanın üç müəllifdən biri olduğu “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri” adlı kitab sərgidə nümayiş etdirilib sə sərginin “Qızıl medalı” ilə mükafatlandırılıb.  Həmin kitab aprel ayının 18-22-də  Türkiyə, İran, Rusiya, Monqolustan, Polşanın təhsil nazirləri, UNESKO-ya üzv olan ölkələrin nümayəndələri, 1000-dən artıq elm və təhsil müəssisəsinin əməkdaşlarının iştirak etdiyi Moskva   Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən V Beynəlxalq Təhsil-2018  sərgisinin diplomuna  da layiq görülüb. Kitabın rus və ingilis dillərində xülasəsi sərginin kataloqunda dərc olunub. Bütün bu nailiyyətlərdə alimimizin  Naxçıvanlı qadın kimi təqdim olunması isə təbii ki, urəyimizi sevinc hissi ilə doldurur.  

Mükafatlandırılan kitabı vərəqləyərkən burada Naxçıvanda  su ehtiyatlarının formalaşması, yayılması qanunauyğunluqları ilə yanaşı, həm də zəngin təbiəti olan diyarımızın turizm üçün mühüm əhəmiyyətinin qeyd olunduğunu görmək olur. Kitabdan oxuyuruq: - Naxçıvan Muxtar Respublikasının coğrafi və təbii şəraiti bölgədə turizmin inkişafı üçün geniş perspektivlər vəd edir. Burada zəngin mineral su yataqları, dağ çayları, göl və mineral bulaqları, gözəl mənzərəli yerlərin  və tarixi mədəniyyət abidələrinin olması ekoturizmin inkişafı  üçün əlverişli şərait yaradır.   Hazırda muxtar respublikada 150 min hektara yaxın ərazini əhatə edən milli park, təbiət qoruğu, üç yasaqlıq vardır…Muxtar respublikada ekoturizm infrastrukturunun inkişafı istiqamətində artıq müəyyən  tədbirlər uğurla yerinə yetirilir. Turizm sahəsində mütəxəssislərin  hazırlanması üçün Naxçıvan Dövlət Universitetində turizm və otelçilik ixtisası üzrə kadrlar hazırlanır. Eyni zamanda  muxtar respublikada müasir otellər və turizm şirkətləri fəaliyyət göstərir…

May ayında isə Fizzə xanım Yekaterinburq şəhərində keçirilən VII və VIII beynəlxalq elmi konfransda iştirakına və “Rusiya elmi: məqsəd və vəzifələr” adlı jurnalda “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarının kimyəvi, ekoloji problemləri və həlli yolları”, “Naxçıvan çuxurunda atmosferinin ekoloji xüsusiyyətləri”, “Naxçıvan Muxtar Respublikası ərazısındə yerüstü suların ekokimyəvi xüsusiyyətləri” adlı elmi  məqalələrinə görə Beynəlxalq Birləşmiş Elmlər Akademiyasının üzvü seçilib və bu münasibətlə ona diplom təqdim olunub. Eyni zamanda onun elektron ünvanı  akademiyanın bütün üzvləri arasında yayılıb ki, bu da həmyerlimizin 19 ölkənin kimya və ekologiya sahəsindəki nüfuzlu alimləri ilə qarşılıqlı elmi əməkdaşlıq yaratmasına, gələcəkdə keçiriləcək konfranslarda, sərgilərdə iştirakına şərait yaradır.

May ayı daha bir əlamətdar hadisə ilə də Fizzə xanımın ömür kitabının səhifələrinə  həkk olunub.  Həyat yoldaşı, AMEA Naxçıvan bölməsinin  Təbii Ehtiyatlar İnstitutunun direktoru,  AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, Qiyas Qurbanovla həmmüəllifi olduğu digər bir kitabı- “Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit”  işıq üzü görüb. Kitabda Naxçıvanda atmosfer, litosfer və hidrosferin ekoloji xüsusiyyətlərindən bəhs olunur, müəlliflərin ətraf  mühitə və ekosistemlərə  baxışı, onların  inkişaf və  perspektivləri haqqında fikirləri  yer alır. Həmin kitab bu günlərdə Moskva şəhərində  30 ölkənin 300-dən çox nəşriyyatlarının elm, təhsil, sorğu-ensiklopedik, uşaq ədəbiyyatına dair kitablar, monoqrafiya, dərslik, metodik vəsaitlər və məruzələri, sənədli filmlərin nümayiş olunduğu 31-ci Beynəlxalq Kitab Sərgi Yarmarkasında sərgilənib.  Kitab elmin və təhsilin inkişafında əhəmiyyətinə görə Təşkilat Komitəsinin “Qızıl medal” mükafatına layiq görülüb və Təbiətşünaslıq Akademiyasının ekspozisiyasında sərginin annotasiya olunan katoloquna salınıb. Kitabın həmmüəllifləri sessiyada və sərgidə iştirak etmək üçün dəvət alıb.     

Dəyərli ziyalı Fizzə xanımla maraqlı söhbətimiz bizi onun gəncliyinə, təhsil aldığı illərə, ailə həyatına da   aparıb çıxardı. Söhbət zamanı öyrəndik ki, o,  1975-ci ildə Bakı Dövlət Unuversitetinin kimya fakültəsini bitirib. Üç il Culfa rayonunun Bənəniyar kənd məktəbində müəllim işləyib. 1978-ci ildən 1995-ci ilədək isə AMEA-nın Qeyri-üzvü və Fiziki-kimya İnstitutunda   çalışıb. Burada işə başladığı il  qucağında bir yaşlı qızı olan gənc kimyaçı həm də təhsilini davam etdirmək üçün sənədlərini aspiranturaya verir. Elə çalışdığı Qeyri-üzvü və Fiziki-kimya İnstitutunda da əyani təhsil alaraq müdafiə edir. Fizzə xanım o günləri belə xatırlayır:- “Həmin il  aspiranturaya mənim sahəm üzrə sənəd verən 6 nəfərin arasında  tək mən qadın idim. Körpə övladım olduğu üçün sənədlərimi  götürmək istəmirdilər. Lakin əzmkarlığım və aldığım əla qiymətlərlə qəbul olundum və təhsil aldım. Sonralar  kimya elmləri doktoru İsmayıl Hüseynov mənim haqqında çox yanıldığını dəfələrlə etiraf edirdi.”

Fizzə Məmmədova 1995-ci ildən  Naxçıvan Regional Elm Mərkəzində əmək fəaliyyətini davam etdirir.  Bu il ümumiyyətlə akademiya fəaliyyətinin 40 ili tamam olan alim hazırda Naxçıvan Muxtar Respublikasının təbii sularının yayılma qanunauyğunluğu, kimyəvi tərkibi, ehtiyatları, suvarmaya yararlılığının qiymətləndirilməsi üzrə tədqiqat işini davam etdirir.

Fizzə xanım da bütün işləyən analarımız kimi övladları  azyaşlı olanda çox əziyyət çəkib. Onların qayğıları, ev işləri, çətin bir sahədə çalışmaq zərif bir qadın üçün ağır olsa da o, bütün bunların  öhdəsindən layiqincə gəlib. İki övladı-qızı və oğlu təhsil alıblar. Özü isə zamanın onun taleyi qarşısında açdığı  yolla alnıaçıq, qürurla irəliləyərək  bugünkü mövqeyə çatıb. İctimai işlərdə daim  öndə gedən qadınlarımızdan olub. 11 ildir ki, Fizzə Məmmədovanın rəhbərlik etdiyi   “Təmiz dünya” İctimai Birliyi  muxtar respublikada qadın və uşaq hüquqlqrının, milli-mənəvi dəyərlərin qorunması, ekoloji şüurun  inkişafı və ekoloji  mədəniyyətin təbliği, gənclərdə etik-davranış normaların təkmilləşdirilməsi və vətəndaş cəmiyyətinin inkişafına yardım etmək üçün  maarifləndirmə işləri aparır, beynəlxalq təşkilatların  keçirdiyi seminar və təlimlərdə fəal iştirak edir.  Keçdiyi zəhmətlə, mübarizələrlə, qayğıkeşliklə dolu həyat yolu  Fizzə xanımı  muxtar respublikamızın nüfuzlu ziyalı  qadınlarından birinə, ləyaqətli həyat yoldaşı, həmçinin 5 nəvənin və 1 nəticənin nənəsinə çevirib.

Bu ailə də onlarla naxçıvanlı ailə kimi dövlət qayğısından yararlanıb. Fizzə xanım bundan böyük minnətdarlıq hissi ilə danışaraq deyir:- “2013-cü ildə bizə  hər cür şəraiti olan mənzil verilib. Bu, mənim ailəmə göstərilən böyük qayğıdır. Elə ona görə də bütün ailəm adından bunu yüksək qiymətləndirir və minnətdarlığımızı  bildirmək istəyirəm. Hər zaman işimizlə, əməyimizlə bu etimadı doğrultmağa çalışırıq”   

Bəzən  dəqiq elmlərlə məşğul olan alimlərin  başının çoxlarımız üçün əlçatmaz olan bu sahənin çətinliklərinə   qarışdığını və onların  ədəbiyyatdan uzaq olduqlarını düşünürük.  Lakin  “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri” adlı elmi əsərin son sətirlərini oxuyarkən bu cür fikirləşənlərin haqsız olduğunu təsdiq etdik.  Həmin sətirlərdən oxuyuruq:-Bu tədqiqatda durğun göl və dənizlərin bəzən lal sükutunu, dağ çaylarının, şəlalələrin və fırtınalı okeanların gurultulu nəğməsini, təbiətin melodiyasını duydunuz. Rəngsiz bildiyimiz suyun bəzən qəhvəyidən maviyə qədər müxtəlif rənglərə boyandığını gördünüz.  Nəticədə bir damla suyun nə qədər möcüzələr yaratdığını, təbiətin möhtəşəm qüdrət sahibi, həm də onun şah əsəri olduğunu təsdiq etdiniz.

Biləndə ki, bu sətirləri üçmüəllifli kitaba məhz  Fizzə xanım özü yazıb,  bu həssas qəlbli qadına  nə arzulaya bilərik: Təbii ki, ömrünün  tədqiq etdiyi sular qədər uzun, fəaliyyətinin   suların axarıtək rəvan, nailiyyətlərinin isə daha çox olmasını.          

                                                                           Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR