AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs keçilib.
“Böyük mütəfəkkir şair Hüseyn Cavid” mövzusunda keçilən dərsdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov XX əsr Azərbaycan romantizminin görkəmli nümayəndəsi, dahi dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı barədə şagirdlərə ətraflı məlumat verib.
Diqqətə çatdırılıb ki, Cavid həm də siyasi fəaliyyətlə məşğul olub. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvanda yaranan Araz-Türk Respublikasının nümayəndə heyətinin tərkibində müxtəlif tədbirlərdə fəal iştirak edib.
Qeyd olunub ki, hər bir əsərində humanist ideyalarla çıxış edən görkəmli dramaturq bütün bəşəriyyətin nicatını məhəbbətdə, sülh və barışda görüb. Bu baxımdan ədibin “Azər” poeması da sülhə, humanizmə, ədalətə inam və çağırışlar ifadə edən sanballı əsərdir.
Açıq dərsdə görkəmli şairin istintaq olunması və Uzaq Sibirə sürgün edilməsindən danışılaraq ölkəmizdə Cavid irsinə, faciələrlə dolu ömür yaşayan Cavidlər ailəsinə göstərilən diqqət və qayğıdan bəhs olunub. Qeyd edilib ki, dahi sənətkara siyasi bəraəti ümummilli lider Heydər Əliyev qazandırıb. Cavidin xalqımıza qaytarılması ulu öndərin adı ilə bağlıdır.
Bildirilib ki, məhz görkəmli dövlət xadiminin böyük qayğısı və diqqəti nəticəsində Hüseyn Cavidin 100 illik yubileyi Azərbaycanda təntənə ilə keçirilib, cənazəsi Uzaq Sibirdən Azərbaycana gətirilərək, doğulduğu Naxçıvan torpağına tapşırılıb. Bakı və Naxçıvan şəhərlərində ustad sənətkarın abidələri ucaldılıb, xatirə muzeyləri yaradılıb, yubiley medalı hazırlanıb, pyesləri respublika teatrlarının repertuarlarına yenidən daxil edilib.
Ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Hüseyn Cavidin 130 və 135 illik yubileyləri ölkəmizdə dövlət səviyyəsində qeyd edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Naxçıvanda da Hüseyn Cavid ədəbi irsinin tədqiqi və təbliği istiqamətində mühüm işlər görülüb.
Vurğulanıb ki, Hüseyn Cavidin “Azər” poemasının Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı Sərəncamla “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilməsi böyük mütəfəkkirə olan dövlət qayğısının davamı və bariz nümunəsidir.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi