23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsində tanınmış etnoqraf-alim, AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin anadan olmasının 70 illiyinə həsr edilən tədbir keçirilib.
Əvvəlcə alimin xatirəsi ehtiramla yad edilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Qadir Qədirzadənin elmi və pedaqoji fəaliyyətindən danışıb. Qeyd edib ki, Azərbaycan etnoqrafiyasının Naxçıvan materialları əsasında etnik tarix, ailə və məişətlə bağlı qədim inamlar və onların digər türk xalqları ilə ortaq cəhətlərini öyrənmək alimin apardığı elmi-tədqiqat işlərinin başlıca istiqamətləri və araşdırma obyekti olub. Diqqətə çatdırılıb ki, Qadir Qədirzadə Türkiyə, İran, Rusiya, ABŞ və digər ölkə­lərdə respublikamızı layiqincə təmsil edib. O, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin və qurumun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, eyni zamanda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu Elmi Şurasının üzvü olub.

Alimin elmdə əldə etdiyi nailiyyətlərinə görə 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunduğunu xatırladan bölmə sədri Qadir Qədirzadənin “Əshabi-Kəhf: müqəddəslik, tarixilik və inancların genezisi”, “Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr”, “Nuh Peyğəmbər, Dünya Tufanı və Naxçıvan”, “Naxçıvan: Nuh baba və Türk atadan gələn yol”, “Milli-mənəvi dəyərlərimiz”, “Kitabi-Dədə Qorqud və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər”, “Dünya və İnsan: başlanğıcın sonu, sonun başlanğıcı” və digər bir çox əsərlərin müəllifi olduğunu söyləyib. Bunlarla yanaşı, o həm də “Naxçıvan Ensiklоpediyası”, “Naxçıvan abidələri ensiklоpediyası” (Azərbaycan və ingilis dillərində), “Naxçıvan tarixi”, “Naxçıvanın tarixi atlası”, “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas” kimi məlumat nəşrlərinin də əsas müəlliflərindən idi.
Alimin orijinallığına və əhəmiyyətinə görə maraq doğuran “Dünya və İnsan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi mükafatına layiq görülüb və ali məktəblərdə dərslik kimi tədris edilməsi tövsiyə olunub.
Bölmə sədri alimin rəhbərliyi altında 5 fəlsəfə doktoru hazırlandığını, 400-ə yaxın elmi-kütləvi əsərin, o cümlədən 22 kitab və monoqrafiyanın müəllifi olduğunu bildirib.
Sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin həyat yolu və elmi fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib.
AMEA-nın müxbir üzvləri – Əliəddin Abbasov, Vəli Baxşəliyev, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov və Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev çıxış edərək alimin şərəfli ömür yolundan, zəngin elmi fəaliyyətindən söz açıblar.
Sonda Qadir Qədirzadənin ailə üzvlərindən İqrar Əliyev və qızı, tarix üzrə fəlsəfə doktoru, dosent Türkan Qədirzadə çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Tədbirdə görkəmli alimin müxtəlif illərdə çəkilmiş fotoşəkilləri, kitab və monoqrafiyalarından ibarət slayd nümayiş olunub.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR