Naxçıvan Tibb Kollecində Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar gənclər arasında muxtar respublikada ilk dəfə olaraq “Poliqon” strateji intellekt oyunu keçirilib.
Dörd mərhələdən ibarət oyunda “Kəşfiyyat” adlı ilk mərhələnin məqsədi növbəti mərhələlərdə strateji gedişləri müəyyən etmək üçün rəqibin güclü və zəif fərdlərinin aşkara çıxarılmasıdır. Sonrakı “Hədəf” mərhələsinin məqsədi rəqib komandanın zəif fərdindən istifadə edərək öz komandasının üstünlüyünü təmin etməkdir. “Girov” mərhələsinin məqsədi rəqib komandanın ən güclü fərdini oyundan kənarlaşdıraraq gücünü zəiflətməklə öz komandasına üstünlük qazandırmaqdır. “Zəfər” mərhələsinin məqsədi isə komandaların ən güclü fərdlərindən istifadə edərək öz üstünlüklərini təmin etməkdir.
Oyunda komandalar mərhələlərə uyğun olaraq səsləndirilən suallara cavab verməklə öz xal nominallarını artırıblar. Sonda ən çox xal toplayan komandalar qalib hesab olunublar. Belə ki, “Aran” komandası qalib adını qazanıb. “Turan” komandası ikinci, “Diplomat” komandası isə üçüncü olub.
Qalib komandalar və komanda üzvləri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplom və fəxri fərmanları ilə mükafatlandırılıblar. Oyunda “Zirvə” komandası fəal iştirakına görə diplomla təltif olunub. Yarış Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Poliqon” strateji intellekt oyununun yaradıcı heyəti tərəfindən keçirilib.
Ceyhun MƏMMƏDOV