Bu gün muxtar respublikamızda şahmatın inkişafına xüsusi diqqət və qayğı göstərilir, şəhər və rayonlarda şahmat məktəbləri tikilərək zəka sahiblərimizin ixtiyarına verilir. Maddi-texniki bazası gücləndirilən bu məktəblər müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub, distant və interaktiv təhsilin təşkili üçün hər cür şərait yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin həlli istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi Şahmat Federasiyası mütəmadi olaraq şahmat məşğələləri keçirir.
Dünən Naxçıvan Şahmat Mərkəzində növbəti məşğələ təşkil olunub. Beynəlxalq hakim Emin Hacıyevin tədris etdiyi məşğələ 200-dən artıq təhsil müəssisəsində elektron lövhədən interaktiv şəkildə izlənilib. Şəhər və rayon şahmat məktəbləri arasında məşğələni isə 200-ə yaxın şahmatçı elektron lövhə vasitəsilə izləyib. Şahmatçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan və qabaqcıl şahmat müəllimlərinin tədris etdiyi bu məşğələlərin keçirilməsində məqsəd şahmatın kütləviliyinə nail olmaq, şagirdlərin şahmata olan marağını artırmaq və onlar arasında rəqabət mühitini formalaşdırmaqdır.
Ceyhun MƏMMƏDOV