23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Şəhər Peşə Liseyində qazanxana maşinisti kurslarını bitirmiş müdavimlərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Orta ixtisas təhsili müəssisələri və peşə məktəbləri ilə iş üzrə şöbəsinin baş məsləhətçisi Elnur Qasımov açıb. Bildirib ki, muxtar respublikada texniki peşə təhsili sistemində şəbəkənin optimallaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, bu müəssisələrin maddi-texniki və tədris bazası yaxşılaşdırılıb, təhsilin məzmunu və təlim-tədris prosesləri müasir tələblər baxımından yenidən qurulub, peşə təhsili müəssisələrində 1, 2 və 3 aylıq kursların təşkilinə başlanılıb.

Vurğulanıb ki, payız-qış mövsümündə fasiləsiz fəaliyyətin təmin olunması üçün avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada 2018-2019-cu illərin payız-qış mövsümünə ­hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi mövcud olan istilik sistemlərindən, elektrik enerjisindən düzgün və səmərəli istifadə olunması, təhlükəsizlik qaydalarına əməl edilməsi, neftlə işləyəcək müəssisələrdə yanğın təhlükəsizliyi ilə bağlı verilmiş tapşırıqların icrası ilə əlaqədar fəaliyyətini gücləndirib.
Qeyd edilib ki, qazanxana avadanlıqlarının təhsilli kadrlar tərəfindən idarə olunması, mövsüm ərzində qazanxanaların lazımi şəkildə fəaliyyət göstərməsi, burada işləyən mövsümi işçilərin kurslara cəlb olunaraq təlimatlandırılması diqqətdə saxlanılıb. Bu məqsədlə sentyabr ayından etibarən peşə məktəblərində qazanxana maşinisti kursları fəaliyyətə başlayıb. Şərur Texniki Peşə və Sürücülük Məktəbində 20, Ordubad Texniki Peşə və Sürücülük Məktəbində 20 və Naxçıvan Şəhər Peşə Liseyində 48 olmaqla, ümumilikdə, 88 ocaqçı həmin kurslara cəlb olunub.
Tədbirdə Naxçıvan Şəhər Peşə Liseyinin direktoru Vüsal Abdullayev çıxış edərək təşkil olunan kursların əhəmiyyətindən danışıb.
Sonra qazanxana maşinisti kurslarını bitirən müdavimlərə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, analoji tədbirlər Şərur və Ordubad rayonlarında fəaliyyət göstərən Texniki Peşə və Sürücülük məktəblərində də keçirilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR