Bu günlərdə “Naxçıvan” Universitetinin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli Türkiyə Respublikasının İstanbul şəhərində təşkil edilən təhsil sərgisində iştirak ediblər.
Məlumat üçün qeyd edək ki, Türkiyənin Akare təhsil sərgiləri firmasının təşkilatçılığı ilə keçirilən sərgiyə dünyanın 32 ölkəsinin 80-dən çox universitet və təhsil agentlikləri qatılıb. Sərgidə iştirak edənlər “Naxçıvan” Universitetinin tanıtımı üçün hazırlanmış videoçarxa baxıb və ali məktəb haqqında geniş məlumat əldə ediblər. Bundan başqa, sərgi iştirakçılarına universitetin kataloq və broşürləri də paylanılıb. Onu da bildirək ki, sərgidə müxtəlif təhsil agentlikləri ilə görüş də keçirilib, universitetə tələbə cəlbi və bu istiqamətdə agentliklə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Nuray ƏSGƏROVA