AMEA Naxçıvan Bölməsində görkəmli alim, Əməkdar elm və texnika xadimi, Dövlət mükafatı laureatı, akademik Azad Mirzəcanzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Prezident cənab İlham Əliyevin “Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında” 2018-ci il 6 iyul tarixli Sərəncamının əhəmiyyətindən, görkəmli alimin elmi xidmətlərindən danışıb.
“Akademik Azad Mirzəcanzadə və Azərbaycanda yüksəkixtisaslı elmi kadrların hazırlanması” mövzusunda məruzə ilə çıxış edən bölmə sədri bildirib ki, alim neft-qaz mexanikası sahəsində bütöv bir elmi istiqamət yaradıb. Həmçinin neft-qaz yataqlarının dinamik analizi ilə bağlı sanballı elmi məqalələr, kitab və monoqrafiyalar hazırlayıb. Görkəmli alim 500-ə yaxın elmi məqalənin, 100-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaitinin, 50-dən çox ixtira və patentin müəllifidir.
Vurğulanıb ki, Azad Mirzəcanzadənin rəhbərliyi altında 300-dən çox elmlər namizədi, 120 elmlər doktoru hazırlanıb. Onun yetirmələri bu gün Azərbaycanla yanaşı, Rusiya, ABŞ, Vyetnam, Almaniya və digər xarici ölkələrdə yüksəkixtisaslı kadrlar kimi fəaliyyətlərini davam etdirirlər.
Qeyd olunub ki, dünya şöhrətli alim müxtəlif illərdə Rusiya Təbii Elmlər Akademiyası, Başqırdıstan Elmlər Akademiyası, Ukrayna Neft-Qaz Akademiyasının həqiqi üzvü seçilib. İki dəfə Azərbaycan Dövlət mükafatı laureatı, o cümlədən üç dəfə Akademik İ.M.Qubkin adına mükafat laureatı olub. P.Kapitsa adına medala, Vyetnam Respublikasının “Vyetnamın Qəhrəmanı” qızıl ulduzuna, həmçinin Azərbaycan Respublikasının “İstiqlal” ordeninə layiq görülüb.
Sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasovun “Akademik Azad Mirzəcanzadənin həyat yolu və elmi fəaliyyəti”, Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun “Akademik Azad Mirzəcanzadənin dünya şöhrəti” mövzularında məruzələri dinlənilib.
Sonda AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev və Fəxrəddin Səfərli çıxış edərək alimin Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışıblar.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi