23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının, Türkiyə Cümhuriyyətinin və İran İslam Respublikasının bir sıra universitetlərinin nümayəndələrinin iştirakı ilə Naxçıvan Dövlət Universitetində keçirilən 14-cü beynəlxalq elmi konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb.
Çankırı Karatekin Universitetinin prorektoru, professor Murad Arı elektrik enerjisinin əldə olunmasından, yüksəksürətli elektrik xətlərinin fəaliyyət mexanizmindən danışıb. Gələcək perspektivləri dəyərləndirən qonaq bildirib ki, ötürücü infrastrukturun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər enerji sisteminin dayanıqlığını möhkəmləndirməklə yanaşı, regional əməkdaşlıq və kommersiya əlaqələri üçün texniki imkanların genişləndirilməsinə də şərait yaradacaq.
AMEA-nın Fizika İnstitutunun dosenti Kamil Qurbanov energetiklərin konfransının ilk dəfə 2002-ci ildə keçirildiyini diqqətə çatdırıb, İran, Türkiyə, Norveç, Rumıniya, İspaniya və başqa ölkələrdə də baş tutan bu cür tədbirlərin muxtar respublikada təşkilindən məmnunluq duyduğunu bildirib. Enerji sahəsində Türkiyə ilə əlaqələrin perspektivlərindən danışan Kamil Qurbanov vurğulayıb ki, Türkiyə enerji sistemi ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əlaqə birbaşa, Azərbaycanla isə Gürcüstan vasitəsi ilə həyata keçirilir.

Türkiyənin Ankara şəhərindəki Qazi Universitetinin professoru Cengiz Taplamacıoğlu qeyd edib ki, konverter texnologiyalarının paralel inkişaf etməsi ilə əlaqədar olaraq dünyada, o cümlədən Türkiyədə yüksəkgərginlikli birbaşa cərəyan xətlərinin istifadəsi sürətlə artır. Professor ölkələrarası elektrik enerjisi verilməsi prosesində itkilərin azaldılmasının əhəmiyyətini vurğulayıb.
Enerjinin ixracı məsələləri, təminatı və təhlükəsizliyindən bəhs edən İran İslam Respublikasının nümayəndəsi Hadi Sadeghi dəyişən gərginliklə müqayisədə enerjinin sabit gərginliklə ötürülməsinin bir sıra üstünlükləri olduğunu diqqətə çatdırıb. O, enerjinin daha uzaq məsafələrə ötürülməsi üçün sabit cərəyan sistemlərindən istifadənin mümkünlüyü barədə fikirlər səsləndirib.
Qeyd edək ki, AMEA-nın Fizika İnstitutundan gələn nümayəndə heyətinin üzvləri Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisasında dərs keçiblər.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR