Naxçıvan şəhərindəki Saat meydanında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə gənclər arasında fərdi olaraq “Xəmsə” milli intellektual oyunu keçirilib.
İntellektual oyunu keçirməkdə məqsəd gənclərin dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək, eyni zamanda gənclərin intellektual oyunlara marağını artırmaqdır.
İlk dəfə açıq havada təşkil edilən yarışa böyük maraq göstərilib. Fərdi qaydada keçirilən yarışın reqlamentinə əsasən iştirakçılar öncə qeydiyyatdan keçib və hər bir iştirakçı oyunda iki dəfə iştirak etmək hüququna malik olub. Hər oyunda 4 gənc mübarizə aparıb və mövzular yalnız onlar kürsü arxasına keçdikdən sonra elan edilib.
Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən intellektual oyunda 80-dən çox gənc iştirak edib.
Yekun nəticəyə əsasən Tural Məmmədzadə qalib adını qazanıb. Digər iki pillədə isə Qulu Əlisoy və Zamin İbrahimov qərarlaşıblar. İlk 10 pillədə yer alan iştirakçılara təşkilatçılar tərəfindən fəxri fərman və oxunması zəruri olan kitablar hədiyyə olunub.
Qeyd edək ki, “Xəmsə” milli intellektual oyunu Gənclər və İdman Nazirliyinin sosial şəbəkələrdəki səhifələrində canlı yayımlanıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman
Nazirliyinin mətbuat xidməti