23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbinin şagirdləri üçün təşkil edilən növbəti interaktiv dərs “Babək rayonu-40: Tarixi və sosial-iqtisadi inkişafı” mövzusuna həsr olunub.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etno­qrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun apardığı dərsdə bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2018-ci il 16 fevral tarixdə “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” Sərəncam imzalayıb.
Şagirdlərin diqqətinə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasının tərkibində ayrıca inzibati ərazi olan Babək rayonu ümummilli lider Heydər Əliyevin təşəbbüsü və qərarı ilə 23 oktyabr 1978-ci ildə yaradılıb. Rayona Azərbaycan xalqının qəhrəman oğlu, görkəmli sərkərdə Babəkin adının verilməsi dahi öndərin tarixi keçmişimizə diqqət və qayğısının parlaq təzahürü, daim Azərbaycançılıq mövqeyində dayanması, milli yaddaşın bərpası istiqamətində həyata keçirdiyi tədbirlərdən biri idi.

Asəf Orucov bildirib ki, mərkəzi Babək qəsəbəsi olan inzibati rayonun tərkibinə həmin qəsəbə ilə birlikdə 35 kənd yaşayış məntəqəsi daxildir. Faydalı qazıntılar, daşduz, tikinti materialları ilə zəngin olan Babək rayonunda “Sirab”, “Vayxır”, “Qahab” və digər mineral su mənbələri var.

Vurğulanıb ki, Babək rayonunun ərazisi tarixi arxeoloji abidələrlə zəngindir. Buranın təbii-coğrafi mövqeyi rayonda əkinçi-maldar tayfaların qədim dövrlərdən məskunlaşmasına və uzun müddət yaşamasına şərait yaradıb. Dünya əhəmiyyətli abidələr olan I və II Kültəpə, eyni zamanda Nəhəcir, Meydan­təpə, İşıqlar və digər yaşayış yerlərində, o cümlədən nekropollardan aşkar olunan maddi-mədəniyyət nümunələri təsdiq edir ki, Babək rayonunun ərazisi qədim və orta əsrlər zamanı Naxçıvan diyarının inkişaf etmiş mədəniyyət mərkəzlərindən birinə çevrilib. Qədim zamanlardan bəri ərazidən keçən və qonşu ölkələrlə mədəni-iqtisadi əlaqələrin yaranıb inkişaf etməsində xüsusi rol oynayan ticarət-karvan yolları da bu inkişafı şərtləndirən əsas amillərdən biri olub. 2013-cü ildən rayon ərazisində yerləşən I Kül­təpə və onun ətrafında olan Uzun­oba, Uçanağıl, Şorsu, Yeni yol yaşayış yerlərində aparılan tədqiqatların nəticəsi göstərir ki, Neolit və Eneolit abidələri yalnız Azərbaycan arxeologiyası üçün deyil, bütövlükdə, Cənubi Qafqaz və Yaxın Şərq arxeologiyası üçün mühüm əhəmiyyətə malikdir.
Qeyd olunub ki, ötən müddət ərzində, xüsusilə son 22 ildə böyük inkişaf yolu keçən, yüksək səviyyədə formalaşaraq ölkənin qabaqcıl rayonlarından birinə çevrilən Babək rayonu bu gün sürətlə inki­­şaf edir, özünün tərəqqi dövrünü ­yaşayır.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR