Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “Ümumi və tam orta təhsil səviyyəsi üzrə fənn kurikulumlarının tətbiqi” mövzusunda təlim-seminarlara start verilib. Bu münasibətlə keçirilən tədbirdə Təhsil Nazirliyinin Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbə müdiri Abdulla Əsgərov çıxış edərək bildirib ki, muxtar respublikamızda təhsil sahəsində məqsədyönlü islahatlar həyata keçirilir, qabaqcıl təcrübəyə əsaslanaraq dünya təhsil sisteminə inteqrasiya istiqamətində addımlar atılır. 2008-ci ildən etibarən ümumtəhsil məktəblərində yeni kurikulumların tətbiqinə başlanması da bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Qeyd olunub ki, Naxçıvan Dövlət Texniki Kollecinə ümumi orta təhsil bazasından qəbul olunan tələbələr də fənn kurikulumları ilə tədris aparılmış siniflərin məzunlarıdır. Bu mənada, kollecdə fənn kurikulumlarının tətbiqi mühüm əhəmiyyət daşıyır. Təlim-seminarlar kollecin müəllimlərinin fənn kurikulumları ilə yaxından tanış olmalarına və bu sahədə məktəb pedaqoqları ilə birgə təcrübə mübadiləsi aparmalarına imkan yaradacaqdır.
Sonra Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zeynəb Əsgərova təlim-seminara başlayıb.
Qeyd edək ki, bu il noyabrın 2-dək davam edəcək təlim-seminarlarda Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərinin və Naxçıvan Dövlət Texniki Kollecinin, ümumilikdə, 300-ə yaxın müəllimi iştirak edəcək.
Nail ƏSGƏROV