Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2018-2019-cu tədris ili üçün Macarıstan təhsil təqaüd proqramına seçimlər yekunlaşıb. Azərbaycanla Macarıstan arasında təhsil sahəsindəki uğurlu əməkdaşlığın nəticəsi olaraq 174 Azərbaycan vətəndaşı bu tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı əldə edib. Onlardan 18-i doktorantura, 134-ü magistratura, 22-si isə bakalavriat səviyyələrində iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar.
Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin tələbələri imtahandan uğurla keçərək Macarıstanda təhsil almaq imkanı qazanıblar. Belə ki, Naxçıvan Dövlət Universitetinin tələbəsi Elvin Nəcəfov Esterhazi Karoli Universitetində, “Naxçıvan” Universitetinin tələbəsi Pərviz Babayev isə Peç Universitetində Biznes və idarəetmə ixtisası üzrə magistr təhsili alacaqlar.
Məlumat üçün bildirək ki, Macarıstan universitetlərinin təqdim etdiyi diplomlar dünyada yüksək nüfuza malikdir. Təhsil keyfiyyəti çox yüksək olan Macarıstan Avropada əcnəbi tələbələrin ən çox seçdiyi ölkələrdəndir. Artıq Macarıstan dünyanın nüfuzlu elm-təhsil mərkəzlərindən birinə çevrilməkdədir. Bu ölkənin ali məktəblərinin dünyanın nüfuzlu universitetlərinin reytinq cədvəllərində yer alması da Macarıstanın inkişaf edən təhsil sisteminin üstünlüklərindən xəbər verir.
Macarıstanda tibbi təhsil də inkişaf edir. Hazırda bu ölkənin 4 ali təhsil müəssisəsi – Debrecen, Szeged, Peç və Semmelveis universitetləri ingiliscə tibbi təhsil verməkdədir. Bu universitetlərin tibbi təhsil binaları yerləşdikləri şəhərlərin xəstəxanası kimi fəaliyyət göstərir. Buna görə də yuxarı kurs tələbələri universitetin kampusunu tərk etmədən kliniki təcrübədən də keçə bilirlər.
Müasir dünyada təhsilin geniş inteqrasiya proseslərinə cəlb olunması gənclərin ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini də aktuallaşdırır. Nəticədə, xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarını və ixtisasını dərindən mənimsəyən yüksəkixtisaslı mütəxəssislər yetişir. Bu isə davamlı inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə ixtisaslı kadrlara olan tələbatın yüksək səviyyədə ödənilməsinə şərait yaradır. Ona görə də gənclərimizin dünyanın nüfuzlu ali təhsil müəssisələrində, xüsusilə də Macarıstan universitetlərində təhsil almaları mühüm əhəmiyyətə malikdir.
“Şərq qapısı”