Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən Elmin İnkişafı Fondunun I Naxçıvan Regional Məsləhət Seminarında AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Özəl Universitetinin elmi işçiləri iştirak ediblər.
AMEA Naxçıvan Bölməsində keçirilən seminarı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev dünyanın ən qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Azərbaycanda son illərdə müxtəlif elm sahələrinin inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Akademik qeyd edib ki, ölkəmizdə elmin inkişafı və iqtisadiyyatın elmtutumlu sahələri üçün mütəxəssislərin yetişdirilməsinə hələ ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi sovetlər dönəmində başlanılıb. XX əsrin 90-cı illərində ölkəmiz böhran vəziyyəti yaşadığı bir məqamda elmin inkişafına da böyük zərbə dəyib. Lakin ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıdışından sonra ölkə həyatının müxtəlif sahələrinə olduğu kimi, elmin inkişafına göstərilən diqqət və qayğı da artırılıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu və dövlətçilik yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev bu sahənin davamlı inkişafını daim diqqətdə saxlayır. Artıq bir neçə ildir, ölkəmizdə fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu bu sahədə uğurlu fəaliyyət göstərir, elmin müxtəlif sahələrinin inkişafı üçün qrant layihələri elan edir.
“AMEA Naxçıvan Bölməsinin müxtəlif institutları da fondun elan etdiyi qrant layihələrində uğurla iştirak edir”, – deyən İsmayıl Hacıyev indiyə qədər bölmənin müxtəlif institutlarının əməkdaşlarından ibarət heyətlərin müxtəlif istiqamətlər üzrə qrant layihələrinin qalibi olduqlarını diqqətə çatdırıb. Natiq vurğulayıb ki, qrant layihələrinin qalibi olmaq təkcə elmi tədqiqatların genişlənməsinə deyil, həm də elmi işçilərin maddi rifah halının yaxşılaşmasına xidmət edir. Ümumilikdə isə bu qrant layihələrin ən müsbət tərəfi onun həm də maddi-texniki bazanın möhkəmləndirilməsinə xidmət etməsidir. Layihələrin qalib olmasında əsas şərt isə hazırlanan layihələrin ciddi elmi məsələlərə həsr olunması və orijinal mövzuların seçilməsidir.
Bölmə sədri Elmin İnkişafı Fondunun kollektivinə AMEA Naxçıvan Bölməsi əməkdaşlarının göndərdiyi layihələrə hər zaman diqqətlə yanaşıldığı üçün təşəkkürünü bildirib.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev “Elmi layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsinin hüquqi aspektləri” mövzusunda məruzə edib. O, qrant layihələrinin məqsədi, növləri, qrant layihələrinin qalibolma perspektivləri və üstünlükləri haqqında seminar iştirakçılarına ətraflı məlumat verib.
Fondun fəaliyyəti haqqında slaydın da nümayiş olunduğu seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Elnur KƏLBİZADƏ