AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Coğrafiya şöbəsinin və Hidrogeologiya və mineral sular laboratoriyasının əməkdaşları Şahbuz rayonu ərazisindəki yeraltı su mənbələri qaynaqlarına ekspedisiyalar təşkil ediblər.
Ekspedisiya zamanı rayonun Badamlı kəndindən 3 kilometr cənub-qərbdə, dəniz səviyyəsindən 1274 metr hündürlükdə yerləşən 4 və 5 saylı mineral su bulaqlarından, Badamlı mineral bulağından 1,5 kilometr cənub-qərbdə yerləşən Girdəsər mineral su bulağından, Gömür kəndindən 3 kilometr cənub-qərbdə okean səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən Gömür mineral su bulağından nümunələr götürülüb. Bundan başqa, Şəfa bulağı, Karvansara mineral su bulağı, Biçənək mineral suyu və Söyüdlü, Almalı və İşgəsu bulaqları, Ağbulaq suyu, Batabat mineral bulağı, Zorbulaq, Şahbuz Şəfa bulağı və Böyrək suyundan da nümunələr götürülüb.
Həmin nümunələrin makro və mikrokomponent tərkibləri, fiziki-kimyəvi xüsusiyyətləri, temperatur və pH-ları, minerallıqları öyrənilərək Kurlov düsturu əsasında sistemləşdiriləcəkdir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında suların 6 tipi, 16 sinfi və 33 müxtəlif növü mövcuddur. Şahbuz rayonu ərazisindəki çoxsaylı yeraltı su mənbələri infiltrasiya xarakterli olub zəngin mikroelement tərkibə malikdir. Ərazinin mineral suları aşağı minerallığa malik süfrə və müalicəvi sular növünə aiddir.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi