Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Tələbə Elmi Cəmiyyəti (TEC) xətti ilə yerinə yetirilən tələbə elmi-tədqiqat işlərinin yekunlarına aid elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan rektor, biologiya elmləri doktoru Saleh Məhərrəmov universitetin 1968-ci ildən fəaliyyətə başlayan Tələbə Elmi Cəmiyyətinin ali təhsil tarixində, eləcə də bugünkü tanınmış elm xadimləri və pedaqoqların alim-ziyalı kimi yetişməsində özünəməxsus rola malik olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, TEC xətti ilə elmi iş götürmüş tələbələr bilik və dünyagörüşü, natiqlik qabiliyyəti, elmi auditoriyalara alışqanlıq qazanır, magistratura təhsil pilləsində təhsil ala biləcək real namizədlərə çevrilirlər. Rektor TEC xətti ilə yerinə yetirilən builki elmi-tədqiqat işlərinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müasir elmi kontekstdən araşdırılması baxımından da əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev, beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov çıxış edərək Tələbə Elmi Cəmiyyətinin son nailiyyətlərindən danışmışlar. Universitet Tələbə Elmi Cəmiyyətinin sədri, hüquqşünaslıq ixtisasının II kurs tələbəsi Ramazan Abdullayevin “2012-2013-cü tədris ilində TEC xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinə dair hesabat”ı dinlənilmişdir. Ramazan Abdullayev TEC-in bugünkü inkişafını müxtəlif illərə məxsus göstəricilərin statistik müqayisəsi yolu ilə konfrans iştirakçılarının nəzərinə çatdırmışdır.
TEC xətti ilə yerinə yetirilən, elmi yeniliyi ilə fərqlənən tədqiqat işlərindən bəziləri konfrans iştirakçılarına təqdim olunmuşdur.
Sonda yer tutan tələbələrə diplomlar təqdim edilmişdir.
Mina QASIMOVA