Bu barədə qəzetimizə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, “Xarabagilan” arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli məlumat verib. Arxeoloji ekspedisiya üzvləri Ordubad rayonu ərazisində yerləşən arxeoloji abidələrdə – Plovdağ yaşayış yerində, Plovdağ nekropolunda, Dəlmə qalasında və Rəsul dərəsində qazıntı işləri həyata keçirəcəklər.
Qeyd edək ki, Ordubad rayonu ərazisində, Sabirkənddən 2 kilometr şərqdə, Gilançayın sol sahilində yerləşən Plovdağ ərazisində 1975-1976-cı illərdə aparılan ilkin tədqiqatlar zamanı bu yaşayış yerinin tarixi Son Tunc və İlk Dəmir dövrlərinə aid edilirdisə, sonrakı tədqiqatlar zamanı aşkarlanan maddi-mədəniyyət nümunələri əsasında ərazidə məskunlaşmanın hələ İlk Tunc və daha qədim dövrlərdən başlandığını söyləmək mümkündür. Ərazidə uzun illər tədqiqat aparmış “Xarabagilan” arxeoloji ekspedisiyası 2004-cü ildən başlayaraq fəaliyyətini daha da genişləndirib.
Rəsul dərəsində aparılacaq arxeoloji qazıntı işlərinə isə ekspedisiyanın dəstə rəhbəri, Bakı Dövlət Universitetinin professoru Qüdrət İsmayılzadə rəhbərlik edəcək. B.İbrahimlinin sözlərinə görə, bu il ilk dəfə olaraq ekspedisiya üzvləri orta əsrlərə aid olan Aza yaşayış məntəqəsində də qazıntı işlərinə başlayacaqlar.
Arxeoloji ekspedisiyaya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin əməkdaşları ilə yanaşı, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun, Bakı Dövlət və Naxçıvan Dövlət universitetlərinin, eləcə də Türkiyənin İqdır Universitetinin əməkdaşları da cəlb olunacaqlar. Ümumilikdə isə “Xarabagilan” arxeoloji ekspedisiyasında iştirak edəcək elmi-texniki heyət üzvlərinin sayı 18 nəfər olacaq.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutundan verilən məlumata görə isə institut əməkdaşları bu il Naxçıvan Muxtar Respublikası ərazisində aparılan iki beynəlxalq və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən təşkil edilən bir neçə yerli ekspedisiyanın tərkibində də tədqiqat işlərinə qoşulacaqlar.
Xəbərlər şöbəsi