Naxçıvan Muxtar Respublikasında təhsil sahəsindəki səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev adına Hərbi Liseyin iki müəllimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 iyun tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Həmin müəllimlərimizi oxucularımızla daha yaxından tanış etmək üçün onlarla redaksiyamızda həmsöhbət olduq:
Məryəm VƏLİBƏYOVA: – Hər bir qüdrətli dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün təminatçısı onun güclü ordusudur. Liseyimizin müəllimləri Azərbaycan Ordusunda fəaliyyət göstərəcək gələcəyin zabitləri gənc kursantların təlim, tərbiyə və təhsili ilə məşğul olurlar. Təhsilin keyfiyyətini və səviyyəsini yüksəltmək üçün var-qüvvəmizi əsirgəmirik. Liseyimizdə gələcək zabitlərin texniki və təbiət fənlərini daha dərindən mənimsəmələrinə çalışırıq ki, onlar müasir silahlardan istifadə etməyi bacarsınlar. Hərbi Liseyin maddi-texniki, təlim, tədris bazası bu gün imkan verir ki, gələcəyin yüksək ixtisaslı zabit kadrları yetişdirilsin. Hər birimizdən ulu öndərimiz Heydər Əliyevin və liseyin adına layiq çalışmaq tələb olunur. Çalışmalıyıq ki, liseydə təhsil alan kursantlar yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik olsunlar.
Bütün peşə sahiblərini yetişdirən müəllimdir. Bu səbəbdən müəllim peşəsi daha məsuliyyətlidir. Üstəlik ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü ilə yaratdığı, hər Naxçıvana gəlişində baş çəkdiyi, bu gün isə dahi şəxsiyyətin adını daşıyan Hərbi Liseydə çalışmaq ikiqat məsuliyyətdir. Ulu öndər Heydər Əliyev Naxçıvanda Hərbi Liseyi yaradarkən əmin idi ki, bu məktəb heç vaxt diqqətdən kənarda qalmayacaq. Biz Ali Məclis Sədrinin diqqət və qayğısını daim öz üzərimizdə hiss edirik. Ali Məclis Sədrinin hər il liseyin buraxılış tədbirlərində iştirak etməsi, məsləhət və tövsiyələr verməsi bizi daha yaxşı işləməyə sövq edir. Mənə göstərilən bu etimad və əməyimə verilən yüksək qiymət üçün dərin minnətdarlığımı bildirirəm. Əmin edirəm ki, göstərilən etimadı doğruldacaq, əməyimə verilən bu yüksək qiymətə işimlə cavab verəcəyəm.
Xədicə HƏSƏNOVA : – 1998-ci ildən taleyimi ulu öndər Heydər Əliyevin yaratdığı Hərbi Liseyə bağlamışam. Bu Hərbi Liseyə məni gətirən hansı maraq oldu? Müstəqil Azərbaycanın bugünkü inkişafı, tərəqqisi hər birimizdə qürur hissi doğurur. Bu ölkənin vətəndaşı olmağımızla fəxr edirik. Sözsüz ki, inkişaf etmiş bir dövlətin həm də qüdrətli ordusu olmalıdır. Ali Məclisin Sədri bu il iyun ayının 17-də Hərbi Lisey kursantlarının buraxılış mərasimindəki çıxışında demişdir ki, “Ordunun qüdrəti təkcə ona verilmiş texnika və silah-sursatın həcmi ilə ölçülmür. Ordu o zaman qüdrətli olur ki, orada milli ruhlu, vətənpərvər şəxsi heyət xidmət etsin”. Heydər Əliyev adına Hərbi Lisey məhz bu missiyanı yerinə yetirir. Silahlı Qüvvələrimiz üçün gənc zabitlər yetişdirmək liseyimizin müəllim və zabitləri qarşısında şərəfli, müqəddəs və məsuliyyətli bir işdir. Bizim ən başlıca məqsədimiz kursantlarda Vətənə məhəbbət, torpağa sevgi, xalqına və millətinə sədaqət hissləri aşılamaq, müstəqil Azərbaycanımız üçün əsl zabitlər yetişdirməkdir.
Hərbi Liseyimiz bu gün müasir tələblərə cavab verən qabaqcıl bir təhsil ocağıdır. Belə bir təhsil ocağında işləmək, fəaliyyət göstərmək şərəfli olduğu qədər də məsuliyyətlidir. Dövlətimizin gündəlik qayğısı və diqqəti sayəsində kursantlarımız gələcəyin savadlı, intellektli, vətənpərvər zabitləri kimi yetişirlər.
İnsan o vaxt özünü xoşbəxt hiss edir ki, başqasına xeyir verir, Vətəni, xalqı üçün yararlı bir vətəndaş olduğunu hiss edir, onun əməyini dövləti qiymətləndirir. Mən də bu xoşbəxt insanlardanam ki, 2013-cü il iyun ayının 18-də mənə “Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi” fəxri adı verildi. Bu mənim sadə əməyimə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun verdiyi yüksək qiymətdir.
Mənə göstərilən bu diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirirəm. Söz verirəm ki, fəaliyyət göstərdiyim Heydər Əliyev adına Hərbi Liseydə kursantların əsl vətənpərvər, dövlətini, xalqını, torpağını sevən və həm də savadlı, intellektli, Azərbaycan Silahlı Qüvvələrinə yararlı bir vətəndaş kimi yetişməsində biliyimi, bacarığımı və var-qüvvəmi əsirgəməyəcəyəm.
Sara ƏZİMOVA