Naxçıvan Dövlət Universitetində Magistrantların Beşinci Regional Elmi Konfransının plenar iclası keçirilmişdir. Konfransı giriş sözü ilə universitetin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov açmışdır. Rektor bildirmişdir ki, bu ali təhsil ocağına göstərilən hərtərəfli dövlət qayğısı nəticəsində hazırda burada xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətin müxtəlif sahələri üçün kadrların hazırlanması, yüksək ixtisaslı mütəxəssislərin yetişməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də müxtəlif ixtisaslar üzrə elmi-tədqiqat fəaliyyəti ilə məşğul ola bilən kadrların hazırlanmasıdır. Magistratura şöbəsinin fəaliyyətindən də danışan Saleh Məhərrəmov qeyd etmişdir ki, magistrantlar ölkəmizdə və xaricdə keçirilmiş elmi konfranslarda iştirak edir, diplom və mükafatlara layiq görülürlər.
Universitetin magistratura üzrə dekanı, dosent Etibar Məmmədov çıxışında bildirmişdir ki, hazırda Magistratura şöbəsində 27 istiqamət, 39 ixtisaslaşma üzrə əyani və qiyabi olmaqla, 160 magistrant təhsil alır. Bunlardan 76 nəfər 12 ixtisaslaşma üzrə Türkiyə, Cənubi Koreya, İran, İraq, Banqladeş, Rusiya və Qazaxıstandan olan magistrantlardır.
Sonda Universitet Televiziyasının hazırladığı “Elmin işığı” adlı film nümayiş etdirilmişdir.
Plenar iclas başa çatdıqdan sonra elmi konfrans öz işini 20 bölmə üzrə keçirilən iclaslarda davam etdirmişdir. İclaslarda müvafiq ixtisaslar üzrə məruzələr dinlənilmiş, bölmələr üzrə birinci yerə layiq görülmüş magistrantlar diplomlarla təltif olunmuşlar.
Mina QASIMOVA