23 Dekabr 2024, Bazar ertəsi

İclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündə­likdə duran məsələlərlə tanış edib.
Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Naxçıvan ərazisində aparılan arxeoloji ekspedisiyalarla bağlı məlumat verib. O qeyd edib ki, Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası hazırda Duzdağda və Naxçıvantəpədə tədqiqat işlərini davam etdirir.
Duzdağ ərazisində 2006-cı ildən başlayaraq arxeoloji qazıntıların aparıldığını deyən Vəli Baxşəliyev tədqiqatlar nəticəsində buradan Eneolit, Erkən Tunc, Dəmir dövrlərinə və Orta əsrlərə aid keramika materiallarının, daş çəkiclərin aşkar olunduğunu diqqətə çatdırıb. Bildirib ki, həmin tapıntılara əsasən Duzdağda duz çıxarılması işinin Mis Daş dövründən günümüzə qədər davam etdiyi müəyyənləşib. Aparılan arxeoloji tədqiqatlarla bağlı ekspedisiya üzvlərinin kitabı nəşr olunub, xarici ölkələrin müxtəlif qəzet və jurnallarında məqalələr çap edilib. Məqalələrdə Duzdağ mədəninin qədim tarixə malik olduğu elmi sübutlarla göstərilib.

Naxçıvantəpə yaşayış yerində aparılan tədqiqatlar barədə də məlumat verən alim bu abidənin Eneolit dövrünün erkən mərhələsinə aid olduğunun Naxçıvan şəhərində məskunlaşmanın 8 min il bundan əvvəl başlandığının təsdiqləndiyini deyib. Arxeoloq yeni yaşayış yerinin tədqiqinin yalnız Azərbaycanın deyil, bütövlükdə, bütün Cənubi Qafqazın Eneolit mədəniyyətinin ardıcıl mərhələlərinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu söyləyib. O, aparılan tədqiqatlarla bağlı üç dildə (Azərbaycan, ingilis, rus) kitab nəşr olunduğunu diqqətə çatdırıb.
Sonra bölmənin Bioresurslar İnstitutunda çöl tədqiqatları ilə bağlı görülən işlər barədə institutun direktoru, akademik Tariyel Talıbov çıxış edib. Alim bu elmi qurumda 2003-cü ildən muxtar respublika ərazisində bitki və heyvanlar aləminə aid materialların toplanması, faydalı bitkilərin əhatəli öyrənilməsi istiqamətində ekspedisiyaların həyata keçirildiyini vurğulayıb. Tariyel Talıbov əməkdaşların tədqiqatlarla bağlı kitab və məqalələrinin nəşr olunduğunu, eyni zamanda müxtəlif mətbuat səhifələrində, televiziya proqramlarında çıxışlar edildiyini bildirib.
Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov “Şorsu” müalicəvi palçığının hazırlığı ilə bağlı məlumat verib. O, “Şorsu” palçığının kimyəvi tərkibi, müalicəvi əhəmiyyəti və istifadə qaydasından danışıb.
Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev bu elmi-tədqiqat müəssisəsində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant layihəsinin yerinə yetirilməsi ilə bağlı görülən işlərdən danışıb. Bildirib ki, bu ilin aprel ayında icrası başa çatmış “Azərbaycançılıq ideologiyası işığında Naxçıvan ədəbi mühiti, folkloru, dialekt və şivələri, yer adlarının toplanması, kompleks tətbiqi və nəşri” mövzusundakı layihə ilə bağlı 30 məqalə hazırlanaraq nüfuzlu elmi jurnallarda çap edilib, mövzu ilə bağlı 400 səhifəlik kitab nəşrə hazırlanıb.
İclasda, həmçinin bölmənin Batabat Astrofizika Rəsədxanasının Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun və Rusiya Fundamental Tədqiqatlar Fondunun birlikdə keçirdiyi beynəlxalq qrant müsabiqəsinin qalibi olmuş layihəsi ilə bağlı məlumat verilib. Qeyd olunub ki, “Günəş və heliogeofiziki aktivliyin variasiyalarının fizikası, uzunmuddətli proqnozlaşdırılması və biosistemlərə təsiri” adlı qrant layihəsinin yerinə yetirilməsində Batabat Astrofizika Rəsədxanasının əməkdaşları ilə birlikdə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun və Rusiya Elmlər Akademiyasının Yer maqnetizmi, İon­os­­fera və Radiodalğaların yayılması İnstitutunun alimləri də iştirak edəcək. Layihənin 2 il müddətində yerinə yetirilməsi nəzərdə tutulub.
Sonda bir sıra cari məsələlər müzakirə olunub.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR