AMEA Naxçıvan Bölməsi 2018-ci ilin birinci yarısında bir sıra əhəmiyyətli uğurlar əldə edib. Qeyd edək ki, hesabat dövründə bölmədə 6 elmi istiqamət üzrə 7 mövzunu əhatə edən 36 iş yerinə yetirilib. Tədqiqatlarda 2 akademik, 4 akademiyanın müxbir üzvü, 6 elmlər və 50 fəlsəfə dоktоrları, həmçinin doktorant və dissertantlar iştirak ediblər.
Bölmə əməkdaşlarının müvafiq dövr ərzində 455 elmi əsəri nəşr edilib. Onlardan 2 monoqrafiya, 52 elmi məqalə və 48 konfrans materialı olmaqla, ümumilikdə, 102-si xaricdə çap olunub. Elmi məqalələrdən 11-i impaktfaktorlu jurnallarda işıq üzü görüb. 124 qəzet materialı çap edilib, 7 buklet tərtib olunub. 5 kitab, 301 məqalə isə nəşrə təqdim edilib.
Bundan əlavə, “Xəbərlər” və “Axtarışlar” jurnallarının iki nömrəsi çapdan çıxıb. “Qarabağlar Türbə Kompleksi” kitabı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) nəşr olunub. 2018-ci ilin birinci yarısında “Naxçıvan coğrafiyası” kitabının ikinci cildi çapa təqdim edilib. Bölmə əməkdaşları tədqiqat dövründə 4 patent hazırlayıblar. Bölmədə 9 konfrans, 4 iclas, 13 seminar, 12 kitab təqdimatı, habelə oxunması zəruri olan 4 kitabın müzakirəsi keçirilib. Qurumun 40 əməkdaşı respublikada və xaricdə keçirilən 20 beynəlxalq tədbirdə məruzələrlə çıxış edib.
Əməkdaşlar Qazaxıstandakı Beynəlxalq Türk Akademiyası, Türkiyə Cümhuriyyətinin İstanbul, Bitlis-Ərən, Ərzurum, Sakarya, İqdır universitetləri, İran İslam Respublikasının Tehran Şəhid Beşişdi, Təbriz Dövlət universitetləri, Təbriz Milli Kitabxanası, Krım Astrоfizika Rəsədxanası və Rusiya Federasiyasının Moskva Dövlət, Tomsk universitetləri, Yer Maqnetizmi, İоnоsferi və Radiо Dalğalarının Yayılması İnstitutu, Ümumdünya Təbiəti Mühafizə Fondu, ABŞ və Fransanın elm və təhsil müəssisələri və digər ölkələrin alimləri ilə səmərəli əməkdaşlıq ediblər. Bölmədə yerinə yetirilən iki qrant layihəsinə cari ilin ilk aylarında yekun vurulub, digər ikisinin icrası isə davam etdirilir.
Birinci yarımildə bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov və həmin institutun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri” kitabı 38-ci Beynəlxalq Paris Luvr kitab sərgisinin qızıl medalına və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən V Beynəlxalq Moskva Təhsil sərgisinin diplomuna layiq görülüb. Hesabat dövründə Beynəlxalq Birləşmiş Elmlər Akademiyasının üzvü və Rusiya Təbiətşünaslıq Akademiyasının professoru seçilən kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova, eyni zamanda “Elmin qızıl fondu” milli proqramı çərçivəsində Rusiya Təbiətşünaslıq Akademiyasının “Əməkdar elm və texnika xadimi” fəxri adına layiq görülüb. Elmi əməkdaşlardan kimya üzrə fəlsəfə doktoru Günel Məmmədova İngiltərədə nəşr olunan “Qeyri-üzvi kimya” jurnalının məsləhətçi redaksiya heyətinin üzvü və Çinin Hangzhou şəhərində keçirilən “Ətraf mühit və geoelm” beynəlxalq konfransına rəyçi, Beynəlxalq Seolit Assosiasiyasına üzv seçilib, Patent və əmtəə nişanları mərkəzi tərəfindən keçirilən ixtiraçılıq sahəsində beşinci respublika müsabiqəsində yer tutaraq mükafatlandırılıb. Bölmə əməkdaşları müxtəlif fəxri fərmanlarla təltif olunublar.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi