25 Dekabr 2024, Çərşənbə

Təlim-tərbiyəsi ilə məşğul olduğumuz şagirdlərin düzgün formalaşmasında müəllim əməyinin rolu əvəzsizdir. Məktəbə gedən hər bir şagirdin həyat yolunu müəllim ziyası məşəl kimi işıqlandırır. İllər keçir, bu məşəl sönmür, şagird sadə, təvazökar, ağıllı, vicdanlı bir şəxs kimi boya-başa çatır. O, həyatda müstəqil, xoşbəxt yaşadıqca, onu tərbiyə edən, bu yolda minbir əziyyət çəkən, gözlərinin nurunu, ürəyinin hərarətini onun səadəti üçün əsirgəməyən müəllimini heç vaxt unutmur, uzaqda yaşasa da, imkan tapıb ona baş çəkir, minnətdarlıq məktubları göndərir. Müəllim isə bu və ya digər sahələrdə ad-san qazanan keçmiş şagirdləri ilə fəxr edir, qəlbində hədsiz sevinc hissi keçirir. Saçlarının ağarmasına, gözlərinin işıqdan düşməsinə təəssüflənmir, parta arxasında oturan şagirdlərinin təlim-tərbiyəsi üçün var qüvvəsini sərf edir, öz işinin öhdəsindən ləyaqətlə, vicdanla gəlməyə çalışır. Belə müəllimlərin şagirdləri həyatda onlara oxşamaq istəyir, onların etimadını, etibarını doğrultmaq üçün hər cür zəhmətə qatlaşır, yaxşı oxuyur, müəllimlərinin tapşırıqlarını layiqincə yerinə yetirir, məktəbdə, ailədə və ictimai yerlərdə özlərini intizamlı şagird kimi təqdim etməyi bacarır, böyüklərin hörmətini saxlayır, kiçiklərə isə qayğı göstərirlər. Bütün bunlar qabaqcıl müəllim əməyinin dəyəriölçülməz bəhrəsidir.

Bu müvəffəqiyyət, bilavasitə, müəllim-şagird münasibətilə bağlıdır. Əgər müəllimlə şagird arasında mehriban, səmimi, xeyirxah münasibət yoxdursa, onda onların müvəffəqiyyət qazanması da çətindir.

Ölkəmizdəki təhsil ocaqlarında müəllim-şagird münasibətləri sağlam prinsiplər əsasında qurulmuşdur. Bu münasibətlərin qarşılıqlı anlaşma şəraitində inkişaf etdirilməsi müəllimin biliyi, bacarığı, xüsusilə əxlaqi keyfiyyətlərinin saflığı və özünün səriştəliliyi ilə bağlıdır. Əgər müəllim savadlıdırsa, o çalışır ki, şagirdləri də dərin bilik əldə etsinlər; əgər onun pedaqoji mədəniyyəti yüksəkdirsə, şagirdləri tədris olunan mövzunu incəliklərinə qədər mənimsəməkdə çətinlik çəkməyəcəklər. Şagird isə müəlliminin, təhsil aldığı məktəbin adını özünün zəhmətsevərliyi və yüksək insani keyfiyyətləri ilə doğruldur, adamlara münasibətində həssas olur, xeyirxah əməlləri ilə başqalarının işinə yaramağa çalışır. Bu keyfiyyətlər şagird yaşa dolduqca bir insan kimi onun ruhuna, fəaliyyətinə hakim kəsilir və nəticədə, o, Vətənin mənafeyini şəxsi mənafeyindən yüksək tutan şəxsiyyətə çevrilir. Belə şəxsiyyətlər yetişdirən müəllimin sağına Günəşi, soluna da Ayı qoysaq, yenə onun əməyini tam mənası ilə dəyərləndirməyə gücümüz çatmaz. L.N.Tolstoy yazır ki, əgər müəllim yalnız işi sevirsə, o, yaxşı müəllim olacaqdır. Əgər müəllim peşəsinə və şagirdə olan məhəbbətini özündə birləşdirirsə, o, kamil müəllimdir. 
Xalq pedaqogikasında xatırladıldığı kimi, dünya gör-götür dünyasıdır. Uşaqlar yaxşı münasibətləri müəllimlərinin və yaşlı nəslin görünən, müşahidə olunan, duyulan nümunələrindən əxz edib özününküləşdirməkdə ustadırlar.
Müəllim-şagird münasibətlərinin günün tələbləri səviyyəsində qurulduğu məktəblərin pedaqoji kollektivləri təlim-tədris və tərbiyə prosesində yeni-yeni müvəffəqiyyətlər qazanır, əsl vətənpərvərlik tərbiyəsinə məharətlə nail olurlar.
Bütün bunlarla yanaşı, ümumtəhsil məktəblərində, çox təəssüflər olsun ki, müəllim-şagird münasibətlərində bəzi çatışmazlıqlar da özünü göstərməkdədir. Belə ki, şagirdə bir obyekt kimi yanaşmaq, şəxsiyyət kimi hörmət qoymamaq, onu təhqir etmək, etik davranış qaydalarına məhəl qoymamaq, fiziki güc tətbiq etmək kimi hallara da təsadüf edilir.
Təhsil məsələləri üzrə ekspertlər bir çox məktəblərdə baş verən neqativ hallardan bəhs edərək qeyd edirlər ki, şagirdə münasibət dəyişilməlidir. Bəla burasındadır ki, bizim bəzi müəllimlər şagirdə hələ də bir obyekt kimi baxır, onun söz demək, müzakirə aparmaq haqqını tapdalayırlar. Bu da şagirdi aqressivləşdirir. Müəllimin şagirdlə qeyri-etik davranmasına, ona fiziki güc tətbiq etməsinə son qoyulmalıdır. Qeyri-etik davranan, şagirdə zor tətbiq edən müəllimin ya əməkhaqqından kəsilməli, ya da o, kollektiv qarşısında qınanmalıdır. Bir çox halda müəllim evində nə qədər qızıl-zinət əşyası varsa, taxıb dərsə gəlir. Müəllimlər dərs zamanı heç bir halda mobil telefondan istifadə etməməlidirlər. Bu, qadağan olunmalıdır. Müəllimin dərs zamanı telefonla danışması şagirdlər üçün yaxşı nümunə deyil.
Bayram günlərində müəllimlərə verilən hədiyyələrə gəlincə, ekspertlər vurğulayır ki, şagird çox sevdiyi müəlliminə Müəllimlər Günündə bir kitab, ya da bir çiçək hədiyyə edərsə, bunu qəbul etmək olar. Ancaq məcburi qaydada şagirdə, ya da valideynə hansısa bəxşiş aldırmaq müəllimin şərəfli peşəsinə yaraşmayan bir hərəkətdir.
Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərinin birində müəllimlə şagird arasında baş verən bir situasiyaya, vəziyyətə nəzər yetirək:
Əla qiymətlərlə oxuyan VII sinif şagirdi qəti olaraq sinfini dəyişdirməyi qərara alır. O, evdə valideynlərinə deyir: “Məni müəllim sinif yoldaşlarımın qarşısında təhqir edib. Bir də o sinifdə oturmaq istəmirəm!” Valideyn uşağı xeyli məzəmmət edir, dilə tutmağa çalışır, lakin bir nəticə hasil olmur. Tez, tələsik uşağın sözü ilə məktəbə də getmək istəmir. Düşünür ki, bəlkə, fikrindən daşındı, səhvini başa düşdü. Lakin bu bir nəticə vermədikdə valideyn, nəhayət, məktəbə yollanır, direktora müraciət edir:
– Xahiş edirəm, mənim övladımın sinfini dəyişin, uşaq o sinifdə oturmaq istəmir.
– Niyə?
– Ona görə ki, müəllim şagirdlərin qarşısında onu təhqir etmişdir.
Müəllim sözə qarışır:
– Övladınız məndən üzr istəmək əvəzinə, hələ sinfini dəyişdirməyi tələb edir? Bir fikir verin, o, sinifdə mənə cavab qaytarır, üstəlik icazəsiz sinifdən çıxıb gedir.
Şagird:
– Çünki siz məni yoldaşlarımın yanında təhqir etdiniz?
– Qələt eləmə. Nə demişəm?..
Göründüyü kimi, müəllim danışığına fikir vermir, tez-tez şagirdin heysiyyətinə toxunduğunu, öz davranışında xoşagəlməz cəhətləri dərk etmir. Nəticə isə göz qabağındadır: müəllimlə şagird arasında münasibət pozulmuş, kəskin konflikt yaranmışdır. Belə halların baş verməsinə səbəb də müəllimin öz vəzifə borcunu başa düşməməsidir. Müəllim bilməlidir ki, şagirdi hər xırda qüsurdan ötrü gözümçıxdıya salmaq olmaz. Müəllimin vəzifəsi şagirdin davranışında baş verən nöqsanı pedaqoji ustalıqla aradan qaldırmaqdır; bu isə yalnız təlim və tərbiyə ilə mümkündür.
Müəllim özünü o zaman əsl pedaqoq hesab edə bilər ki, şagirdini özünün əvəzedicisi kimi qiymətləndirə bilsin. Bunun üçün müəllim şagirdinin oxşamaq istədiyi ideal insana çevrilməyi bacarmalıdır.
Müəllimin sözü ilə hərəkəti uyğun gəlməlidir. Şagirdlərə münasibətdə ayrı-seçkilik, kobudluq etmək təlim-tərbiyədə qətiyyən yolverilməzdir. Məktəblərdə belə hallara bəzən təsadüf edilir. Bəzi müəllimlər var ki, bir dəfə tapşırıq dəftərini unudan və ya ciddi səbəb üzündən dərsə hazırlaşmayan, yaxud dərs buraxan şagirdi kobudcasına danlayır, valideynini çağırır, heç bir üzrlü səbəbi nəzərə almır, bununla guya şagirdə “tələbkarlıq” göstərirlər. Halbuki həmin müəllimlər tez-tez dərs buraxan, sinif yoldaşları ilə kobud rəftar edən, tapşırığı yerinə yetirməyən, məktəbə, müəllimlərə laqeyd münasibətdə olan bəzi şagirdlərin, necə deyərlər, xətrinə dəymirlər. Bütün bunları isə birinci şagird yaxşı görür və özünə olan pis münasibətə görə müəllimdən inciyir, hətta qisas almaq fikrinə düşür. O, ədalətsizliyə, xüsusilə müəlliminin ədalətsiz münasibətinə dözə bilmir. Belə vəziyyətin yaranmaması üçün müəllim şagirdin bu və ya digər dərəcədə qüsuruna, xoşagəlməz davranışına obyektiv münasibət bəsləməli, o qüsurun həllində ədalətli olmalıdır.
Müəllim yadda saxlamalıdır ki, etibar olmayan yerdə inam yaranmaz və tərbiyə işində heç bir müvəffəqiyyət qazanmaq olmaz. Müəllim kollektivlə və onun ayrı-ayrı üzvləri ilə ünsiyyətdə olarkən taktiki nöqsana yol vermədən öz obyektiv münasibətilə şagirdlərdə inam yaratmalıdır. Məktəb kollektivi unutmamalıdır: müəllim məktəbdə əsas simadır.

Kamal CAMALOV
pedaqogika üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR