2004-cü il sentyabr ayının 2-də naxçıvanlıların daha çox üçüncü mikrorayon kimi tanıdıqları Babək məhəlləsində yeni məktəbin istifadəyə verilməsi təkcə Naxçıvanın təhsil ictimaiyyətinin, şəhər əhalisinin deyil, bütün muxtar respublika sakinlərinin böyük sevincinə səbəb oldu. Çünki açılış mərasimində ulu öndərin siyasətini uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev iştirak edirdi. Bu, sadəcə, bir məktəb binasının istifadəyə verilməsi deyildi, ümummilli liderimizin təşəbbüsü ilə tikilən və həm də onun adına ucaldılan bir abidənin açılışı idi. Dövlət başçısı açılış mərasimində dedi: “Bu məktəb çox yüksək səviyyədə tikilmiş və ən müasir dünya standartlarına cavab verir. Bu həm memarlıq baxımından gözəl binadır, eyni zamanda burada yüksək səviyyədə təhsil almaq üçün hər cür şərait vardır. Bu məktəbin tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Heydər Əliyev bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu təhsil ocağı Azərbaycanda bir nömrəli məktəb olsun”.
Ölkə başçısının bu sözlərini 14 ildir ki, pedaqoji kollektiv özünün fəaliyyət proqramına çevirib. Bu səbəbdəndir ki hər tədris ili yüksək nəticələrlə başa çatır. İlk ən böyük nəticə isə məktəbin 2007-2008-ci tədris ilinin yekununa görə ölkəmizdə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmasıdır. Qazandığı uğurlara görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyinin qeyd olunması haqqında” 2014-cü il 21 avqust tarixli Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən oktyabr ayının 22-də məktəbin 10 illiyi təntənəli şəkildə qeyd edilib. Tədbirdə Ali Məclisin Sədri məktəbin kollektivinə müraciət edərək deyib: “Vətənpərvər gənclik dövlətin gücü və onun əsas dayağıdır. Bu gün Heydər Əliyev adına tam orta məktəbdə təhsil alan şagirdlərə, məktəbi bitirən məzunlara baxarkən qürur duyuruq. Fəxr edirik ki, gənclərimiz sabahımızın təminatçısı kimi yetişir, Vətənə, Azərbaycançılıq idealına sadiqlik ruhunda tərbiyə olunurlar”. Məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Namiq Məmmədov deyir ki, 14 ildir, məktəbin kollektivi təhsil ocağında ölkə Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyələrini əldə rəhbər tutaraq milli təhsilimizin tərəqqisi naminə çalışır, müstəqil dövlətimizin gələcəyi üçün bilikli, vətənpərvər gənclər yetişdirilməsi üçün bütün imkanlarını səfərbər edir. Məktəbin müəllimləri unutmurlar ki, burada görülən hər bir iş ulu öndərin adına, Onun ideyalarına layiq olmalıdır. 14 il ərzində təhsil ocağını yüksək qiymətlərlə bitirənlərdən fərqlənmə attestatı, qızıl və gümüş medal alan məzunlar etimadı yüksək səviyyədə doğruldurlar. Məktəbin şagirdlərindən birinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na salınıb.
Təhsil ocağının qazandığı uğurlar belə deməyə əsas verir ki, pedaqoji kollektiv məsuliyyətini dərindən dərk edir, işini dahi rəhbərin adına layiq səviyyədə qurmağa səy göstərir. Elə bu səbəbdəndir ki Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatlarında Heydər Əliyev adına tam orta məktəb ölkəmizin ən yaxşı məktəbləri sırasında öndə gedir.
Məzunlar 2017-2018-ci tədris ilində də məktəbin tarixinə yeni uğurlar yazıblar. Onlardan 4-ü fərqlənmə attestatı, 1-i isə qızıl medal ilə məktəbi başa vurub. Qəbul imtahanlarının birinci mərhələsinin nəticələri xeyli sevindiricidir. Belə ki, məzunların 98 faizi ali məktəb tələbəsi adına real namizəddir. Onlardan on bir nəfəri 500-700, dörd nəfəri isə 600-700 intervalında bal toplayıb.
Məktəbdə güclü təhsil ənənələri yaradılıb. Hər il birinci sinfə qəbul edilən və orta təhsillərini başa vuran məzunlar məktəbin həyətində ulu öndər Heydər Əliyevin büstü önündə görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi yol ilə gedəcəklərinə and içirlər. Ali məktəblərdə təhsil alan tələbələrlə kollektivin görüşlərinin təşkil olunması bir ənənə şəklini alıb. Bu və digər belə tədbirlər şagirdlərdə elmə, təhsilə marağı daha da artırır. O da vurğulanmalıdır ki, məktəb təkcə savadlı məzun yetişdirməklə öz vəzifəsini bitmiş hesab etmir, məzunların dövlətçiliyimizə, müstəqilliyimizə, tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda formalaşmasına çalışır.
Respublika fənn olimpiadasında kimya üzrə ikinci yerin sahibi olmuş, qəbul imtahanlarında dördüncü ixtisas qrupu üzrə 691 bal toplamış Arzu Əliyeva deyir:
– Bütün abituriyentlər yüksək bal toplamaq, ali məktəb tələbəsi adını qazanmaq arzusunda olur. Onların hamısı uğurlu nəticə əldə edərək həm ailəsini, müəllimlərini sevindirmək, həm də istədikləri təhsil ocağında seçdikləri ixtisasda təhsil almaq istəyir. Lakin abituriyent bu sevinci, sadəcə, yaxşı çalışaraq yaşaya bilər. Mən də arzuma bu yolla çatdım, ali məktəblərə qəbul imtahanlarında 691 bal toplamağa müvəffəq oldum. Bu böyük uğura nail olmağımda orta təhsil aldığım Heydər Əliyev adına məktəbdə bizə elmlərin sirlərini öyrədən müəllimlərimin əməyi əvəzsizdir. Ali məktəblərə qəbul imtahanında yüksək nəticələr göstərən bütün sinif yoldaşlarım adından onlara minnətdarlığımı bildirir, bizə göstərilən etimadı doğruldacağımıza söz verirəm.
Yüksək bal toplayan məzunlardan Minurə Hacısoyun da ürəyi doludur:
– Qəbul imtahanlarının birinci mərhələsində 677 bal toplamışam. İkinci mərhələdə bundan da yüksək bal toplamaq əzmindəyəm. Bilirəm ki, çəkilən zəhmət bəhrəsiz qalmır. Müəllimlərimə minnətdaram ki, mənə bu sevinci bəxş ediblər.
Məktəbin ali məktəblərə qəbulda uğurlu nəticəsi ilə seçilən daha bir məzunu İnci Quliyeva deyir ki, on bir il bizim əziyyətimizi çəkən müəllimlərimizin əməyi danılmazdır. Onlar bizim yaxşı təhsil almağımız üçün çalışan ən fədakar insanlardır. Müəllimlərimizin zəhməti qarşısında baş əyir, ali məktəbdə də yaxşı təhsil almaq üçün ciddi çalışacağıma söz verirəm.
Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. Heydər Əliyev adına tam orta məktəbin kollektivi görkəmli dövlət xadiminin bu tövsiyəsini əldə rəhbər tutaraq qazandığı nailiyyətləri son hədd hesab etmir. Yaradılan şərait, göstərilən diqqət və qayğı müqabilində rekord uğura nail olmaq əzmi ilə çalışır. Məktəbin uğuru isə cəmiyyətin uğurudur.
Muxtar MƏMMƏDOV