Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində məzun günü keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Azərbaycanda elm və təhsilin inkişafından, muxtar respublikada kadr potensialının gücləndirilməsinə göstərilən yüksək dövlət qayğısından danışıb.
Fakültənin dekanı, dosent Elsevər Əsədov “Tibb fakültəsində tədris ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusundakı məruzəsində qeyd edib ki, bu il fakültə üzrə 75 məzun ali təhsilini başa vurub ki, onlardan 11-i xarici ölkə vətəndaşıdır.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov gələcəyin həkim kadrlarının yetişməsində universitetin rolunu yüksək qiymətləndirib, muxtar respublikada səhiyyəyə göstərilən hərtərəfli dövlət qayğısından danışıb, məzunlara xalqımızın sağlamlığının keşiyində layiqincə durmağı arzulayıb.
Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının müdiri, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Yekun Dövlət Attestasiya Komissiyasının sədri, akademik Adilə Namazova vurğulayıb ki, Azərbaycan səhiyyəsinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Akademik gələcəyin həkimlərinə bu peşənin sirlərinə dərindən yiyələnməyi və daim öz üzərlərində işləməyi tövsiyə edib.
Valideynlər adından Aytəkin Hacızadə, Ülviyyə Tarverdiyeva məzunları təbrik ediblər.
Sonra məzunlar Hippokrat andı içiblər.
Tədbir şeir və mahnılardan ibarət bədii kompozisiya ilə davam edib.
Sonda məzun tələbələrlə xatirə şəkli çəkdirilib.
Səadət Əliyeva