Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
26 İyun – Silahlı Qüvvələr Günü münasibəti ilə keçirilən tədbirdə bu fikirləri ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov səsləndirib.
Rektor tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib və ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edildiyini deyib. Qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib. Bu gün qüdrətli ordumuz işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək əzmindədir.
Universitetin Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müdiri Oqtay Rzayev vurğulayıb ki, ordu quruculuğu sahəsində Ulu Öndərin strateji siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə ölkədə müasir hərbi sənaye kompleksinin yaradılması, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir.
Vurğulanıb ki, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənə ağır zərbələr endirib, Silahlı Qüvvələrimizin gücü Ermənistana və dünyaya nümayiş olunub. Bu il may ayının son günlərində isə Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər daxil olmaqla 11 min hektar ərazi Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində işğaldan azad edilib. Bütün bunlar ordumuzun qüdrətini göstərir.
Səadət ƏLİYEVA