AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən “Heydər Əliyev lektoriyası”nın 80-ci məşğələsi 26 İyun - Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunub.
Lektoriyada bölmənin sədri, akademik İsmayıl Hacıyеv Azərbaycan ordusunun keçdiyi tarixi yola nəzər salıb. Bildirib ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk milli nizami hərbi hissə yaradılıb. Azərbaycanda Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi xüsusi tədbirlər nəticəsində mümkün olub. Məhz ulu öndər Heydər Əliyevin 1998-ci il tarixli Fərmanı ilə 26 iyun hər il ölkəmizdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi geniş qeyd olunur.
İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı xidmətlərindən danışaraq qeyd edib ki, dahi şəxsiyyətin siyasi xəttini uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri ən müasir texnika ilə təchiz edilib, Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilib.
Akademik Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən də bəhs edərək vurğulayıb ki, 2017-ci il oktyabrın 18-də – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən hərbi parad hər kəsin yaddaşında dərin iz buraxıb. Paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun, birləşmə və hissələrinin 2 minə yaxın şəxsi heyəti, 160-dan çox hərbi texnika və silah sistemləri, o cümlədən 10-dan artıq döyüş vertolyotu və təyyarəsi iştirak edib. Bu möhtəşəm tədbir müxtəlif xarici ölkələrin mətbuatında da işıqlandırılıb. Əlahiddə Ümumqoşun Ordunun 2017-ci ildə hazırlıq planına əsasən görülən işlərin nəticələrinə, döyüş və ictimai-siyasi hazırlıqda əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülməsi də onun qüdrətinin göstəricidir.
“Azərbaycan xalqı heç vaxt torpaqlarını düşmən tapdağı altında olması ilə barışmayacaq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında günü-gündən qüdrətini artıran ordumuz torpaqlarımızı istənilən vaxt işğaldan azad etməyə qadirdir. 2016-cı ildə Aprel döyüşləri və bu il may ayının sonunda həyata keçirilən Günnüt hərbi əməliyyatı da ordumuzun qüdrətini göstərir” – deyən İsmayıl Hacıyev bildirib ki, blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikanın düşmənlə üz-üzə, ən ucqar yaşayış məntəqəsində belə, həyat davam edir, məskunlaşma durmadan artır. Öz milli ordusuna, mərd, mətin və mübariz övladlarına güvənən sakinlər arxayın yaşayır, öz təsərrüfatları ilə məşğul olur, yurda bağlılıqlarını nümayiş etdirirlər. Dövlətimizin diqqət və qayğısını, xalqın dayağını daim öz üzərində hiss edən hərbçilərimizin isə döyüş ruhu birə-beş artır, Vətən övladları sərhədlərimizin keşiyində ayıq-sayıq dayanırlar.
Tədbirdə bölmənin Musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov “Ulu öndər Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda məruzə ilə çıxış edib.
Sonda Ələkbər Qasımovun müəllifliyi ilə 2008-ci ildə “Kanal-35” televiziyasında hazırlanan “Hərb tariximizdə Heydər Əliyev fenomeni” adlı video lent nümayiş etdirilib.
Xəbərlər şöbəsi