Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı prioritet məsələdir. Yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi uğurlu nəticələrin qazanılmasına imkan verir.
İyunun 21-də Naxçıvan Muxtar Respublikasında ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib. Buraxılış imtahanları Naxçıvan şəhəri üzrə 7 və 14 nömrəli, Şərur rayonu üzrə 1 və 2 nömrəli, Babək rayonu üzrə Şıxmahmud və Babək qəsəbə 1 nömrəli, Ordubad rayonu üzrə internat və Sabirkənd, Culfa rayonu üzrə şəhər 3 nömrəli, Şahbuz rayonu üzrə şəhər 1 nömrəli, Kəngərli rayonu üzrə Qıvraq qəsəbə, Sədərək rayonu üzrə Heydərabad qəsəbə tam orta məktəbləri olmaqla, ümumilikdə, 12 binada təşkil edilib.
IX siniflərin buraxılış imtahanlarında Naxçıvan şəhəri üzrə 679, Şərur rayonu üzrə 654, Babək rayonu üzrə 603, Ordubad rayonu üzrə 419, Culfa rayonu üzrə 330, Şahbuz rayonu üzrə 170, Kəngərli rayonu üzrə 220, Sədərək rayonu üzrə 95, Heydər Əliyev adına tam orta məktəb üzrə 74, Naxçıvan Qızlar Liseyi üzrə 58, Naxçıvan Qarnizonu tam orta məktəbi üzrə 32, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üzrə 27, Heydər Əliyev adına Hərbi Lisey üzrə 133 olmaqla, ümumilikdə, 3494 şagird, XI siniflərin buraxılış imtahanlarında isə Naxçıvan şəhəri üzrə 573, Şərur rayonu üzrə 579, Babək rayonu üzrə 538, Ordubad rayonu üzrə 238, Culfa rayonu üzrə 345, Şahbuz rayonu üzrə 128, Kəngərli rayonu üzrə 163, Sədərək rayonu üzrə 74, Heydər Əliyev adına tam orta məktəb üzrə 64, Naxçıvan Qızlar Liseyi üzrə 42, Naxçıvan Qarnizonu tam orta məktəbi üzrə 33, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üzrə 23, Heydər Əliyev adına Hərbi Lisey üzrə 214 olmaqla, ümumilikdə, 3014 şagird iştirak edib.
2016-2017-ci tədris ilindən etibarən ümumi orta təhsil bazasından buraxılış imtahanları ikimərhələli şəkildə həyata keçirilir. Belə ki, birinci mərhələdə şagirdlərə Azərbaycan dili fənni üzrə oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıqtipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması tələb edilən test tapşırığı, 10 qapalıtipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test tapşırığı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıqtipli, ümumilikdə, hər iki fənn üzrə 30 test tapşırığı təqdim edilir. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalıtipli test tapşırığı təqdim edilir. Birinci mərhələdə şagirdlər, həmçinin təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük prinsipi əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburidir. Buraxılış imtahanının birinci mərhələsində imtahanın müddəti 2 saat 30 dəqiqədir. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat, inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılır. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə, 60 qapalıtipli test tapşırığı təqdim edilir və imtahanın gedişinə 1 saat 30 dəqiqə vaxt ayrılır.
Qeyd edək ki, şagird buraxılış imtahanının hər iki mərhələsinin nəticəsinə görə hər bir fənn üzrə maksimum 100 bal toplaya bilər. Birmərhələli şəkildə təşkil edilən tam orta təhsil bazası üzrə buraxılış imtahanı Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə hər birindən 30 sual olmaqla, ümumilikdə, 90 test tapşırığı verilir. İmtahanın gedişinə 2 saat 45 dəqiqə vaxt ayrılır. Muxtar respublikada keçirilən imtahanların idarə olunmasına, ümumilikdə, 27 imtahan rəhbəri 12 ümumi rəhbər, 336 nəzarətçi-müəllim ayrılıb.
Məlumat üçün bildirək ki, Dövlət İmtahan Mərkəzi 2017-ci ildə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilini aparmış, təhlilin nəticələri “Abituriyent” jurnalının bu ilin aprel ayında nəşr olunan 12-ci buraxılışında dərc olunmuşdur. Təhlildən görünür ki, muxtar respublikanın ümumtəhsil məktəbləri 2017-ci ili uğurla başa vurmuş, sənədvermə və qəbul prosesi mütəşəkkil həyata keçirilmiş, ayrı-ayrı fənlər üzrə yüksək nailiyyətlər əldə olunmuşdur. Həmçinin ötən tədris ilində ali təhsil müəssisələrinə qəbulolma faizinə görə Naxçıvan şəhəri, Kəngərli və Ordubad rayonları ölkə üzrə ilk onluqda qərarlaşmışlar. Ötən ilin IX və XI siniflərinin buraxılış imtahanlarında isə Naxçıvan şəhəri, Şahbuz rayonu və Sədərək rayonunun məzunları respublika üzrə qabaqcıl yerləri tutmuşlar. Muxtar respublikanın IX sinifləri ilə yanaşı, XI sinif məzunları da buraxılış imtahanlarının nəticələrinə görə respublikanın bölgələri arasında ilk pillələrdə qərarlaşmışlar. XI siniflərin buraxılış imtahanlarında iştirak edən 2012 məzun hər üç fənn üzrə müvəffəq qiymət almışdır. IX siniflərin buraxılış imtahanlarının göstəriciləri ana dili fənni üzrə müvəffəqiyyət faizi 98, riyaziyyat fənni üzrə müvəffəqiyyət faizi 95 olmuşdur. XI siniflər üzrə keçirilən imtahanların göstəriciləri ana dili fənni üzrə müvəffəqiyyət faizi 91, riyaziyyat fənni üzrə müvəffəqiyyət faizi 89, xarici dil fənni üzrə müvəffəqiyyət faizi isə 82 faiz təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti