Bu il may ayının 16-sı Naxçıvan şəhər Qaraxanbəyli kənd sakinlərinin həyatında ən əlamətdar və yaddaqalan gün kimi tarixə düşdü. Həmin gün sakinlərin yaşadığı böyük sevinci sözlə ifadə etmək mümkün deyildi. Bu sevincdən ən böyük pay isə kənd məktəbinin müəllim və şagirdlərinə düşmüşdü. Ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəri çərçivəsində kənddə müasir tələblərə cavab verən 6 nömrəli tam orta məktəbin açılışı oldu. Mərasimdə uşaqların sevincini bölüşməyə ölkə başçısı və muxtar respublika rəhbəri də gəldi, kənd sakinlərini, eləcə də məktəbliləri təbrik edib, pedaqoji kollektivə öz ürək sözlərini və tövsiyələrini çatdırdılar. Həmin gün valideynlər əmin oldular ki, uşaqları üçün yeni üfüqlər açılıb, onlar artıq hər cür şəraitə malik müasir binada təhsil alacaqlar.
Müəllim və şagirdlər üçün yaradılan şəraitlə tanış olmaq və məktəbin fəaliyyəti haqqında məlumat almaq üçün ötən günlərdə adıçəkilən təhsil ocağına yollandıq. Əvvəllər kəndə yararsız, tozlu-torpaqlı yollarla gedirdik. Bu gün isə təmir edilmiş, gözoxşayan yollardan bəlli idi ki, əksər yaşayış məntəqələrimizi ağuşuna alan abadlıq, quruculuq işləri bu kənddə də həyata keçirilib. Burada müasir infrastrukturun yaradılması, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi deyilənləri təsdiqləyir.
Budur, artıq bəhs olunan ünvandayıq. Təhsil ocağı haqqında ilk təəssüratımız məktəbin həyətində oynayan uşaqların şaqraq gülüşlərindən, onlara düzgün təlim-tərbiyə verən müəllimlərin çöhrəsində görünən təbəssümdən yaranır. Tənəffüs olduğundan uşaqların bir qismi məktəbin həyətində idman qurğularının quraşdırıldığı əraziyə toplanmışdı.
Məktəbin direktoru Samirə Abdullayeva məlumat verərək qeyd edir ki, bu təhsil müəssisəsi ötən əsrin 30-cu illərində ibtidai məktəb kimi fəaliyyətə başlayıb. 2009-cu ildə Qaraxanbəyli kəndi Naxçıvan şəhərinin tərkibinə daxil edildikdən sonra müəssisə Validə Hüseynova adına 6 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam etdirir.
Söhbətə qoşulan məktəbin dərs hissə müdiri Azad Şirzadov təhsil ocağının 90-cı illərdəki acınacaqlı vəziyyətini yada salır. Deyir ki, ozamankı köhnə binada dərs keçdiyim günlər yaddaşımdan silinməyib. Şagirdlər tozlu-torpaqlı, yarıqaranlıq siniflərdə dərs keçirdilər. Dam örtüyünün yararsız olması qar, yağış yağanda vəziyyəti lap dözülməz hala gətirirdi. 2002-ci ildən məktəb yeni binada fəaliyyət göstərsə də, həmin binada da tədris şəraiti indiki qədər deyildi. Muxtar respublikamızda təhsil sahəsinə artan diqqət sayəsində bu məktəbə də yeni həyat bəxş edildi. İndi hərtərəfli şəraitə malik geniş, işıqlı siniflərdə dərs keçirik. Daha qış aylarındakı şaxta, çovğun bizi qorxutmayacaq, isti otaqlarda rahat dərs keçə biləcəyik. Yaradılan şərait bir pedaqoq kimi mənim ürəyimcədir.
Öyrənirik ki, 3 mərtəbəli 480 şagird yerlik yeni məktəb binasında iki kompüter otağı, 3 elektron lövhəli sinif, fizika, kimya və biologiya laboratoriyaları, 2 şahmat sinfi, hərbi kabinə, 24 sinif və müəllimlər otaqları və idman zalı var. Elektron lövhəli siniflər keçilən dərslərin əyaniliyini təmin edərək şagirdlərin biliklərə dərindən yiyələnmələrinə imkan yaradır. Belə ki, həmin siniflərdə təşkil edilən dərslərdə şagirdlər videogörüntülər vasitəsilə istənilən kimyəvi reaksiyanı, fiziki və bioloji prosesləri izahlı şəkildə öyrənə bilirlər. Elektron lövhənin köməkliyi ilə müəllim və şagirdlər interaktiv dərslərə qatılırlar. Məktəbdə şagirdlər arasında rəqabət hissini artırmaq, onlara keçilən dərsləri dərindən aşılamaq üçün mütəmadi bilik yarışları, müsabiqələr, viktorinalar təşkil olunur. Burada 40 kompüter quraşdırılıb və internetə qoşulub. İndi bu texnologiya sayəsində şagirdlər dünyanın istənilən nöqtəsi ilə əlaqə yarada, lazımi məlumatı rahat şəkildə əldə edə bilərlər.
Geniş idman zalında şagirdlər fiziki hazırlıqlarını, müasir şahmat sinfində isə zehni biliklərini artırırlar. Məktəbdə gənclərin çağırışaqədərki hazırlığı fənninin öyrənilməsinə xüsusi diqqət yetirilir. Hərbi rəhbər Mirqafar Seyidov deyir ki, hərbi kabinədə elektron lövhənin quraşdırılması dərsin daha əhatəli və məzmunlu təşkilinə imkan verir. Bundan başqa, şagirdlər hərbi hissələrə aparılır, silahların sökülüb-yığılması qaydalarını öyrənirlər. Həmçinin keçirilən hərbi-idman oyunlarında qazanılan uğurlar da yüksək tədrisin nəticəsidir. Aprelin 24-də məktəb növbəti belə uğura imza atıb. Belə ki, Naxçıvan şəhərinin ümumtəhsil müəssisələri arasında təşkil olunan “Sərhəd” hərbi-idman oyununda məktəbin komandası 3-cü yeri tutub.
Tanınmış ingilis filosofu Frensis Bekon deyirdi ki, kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir. Bu gün doğma Naxçıvanımızda mütaliədən bəhrələnmək kimi mənəvi vəzifə gənclərin üzərinə düşür. Muxtar respublika rəhbərinin “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamı bu işdə gənclərə göstərilən ən düzgün yoldur. Məktəbin kitabxanasında 3139 bədii ədəbiyyat və 3319 dərslik olmaqla, ümumilikdə, 6 min 458 kitab şagirdlərin istifadəsinə verilib. Burada oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb, hər ayda bir dəfə keçirilən kitab müzakirəsi zamanı həmin bədii ədəbiyyatlara geniş yer verilir.
Təhsil ocağında 267 şagirdin təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur. Həmin müəllimlərin əksəriyyəti orta təhsillərini bu məktəbdə alıblar. Onların işə zəhmətkeş yanaşması, şagirdlərə qayğıkeş münasibət göstərməsi sayəsində qazanılan uğurlar da ilbəil artır. Hər il keçirilən qəbul imtahanlarında şagirdlərin yüksək nəticələr əldə etməsi çəkilən zəhmətin bəhrəsidir. 2016-2017-ci tədris ili də, bu mənada, uğurlu olub. Belə ki, həmin tədris ilində məktəbi bitirən 15 məzundan 13-ü imtahanlarda iştirak edib. Abituriyentlərdən 9-u ölkənin qabaqcıl ali təhsil ocaqlarına qəbul olunub. Builki imtahanlarda da şagirdlərdən yüksək nəticələr gözlənilir. Artıq birinci mərhələsi başa çatan qəbul imtahanlarında məktəbin 8 məzunu keçid balını üstələyib, həmin abituriyentlərdən 1-i 500-700 intervalında bal toplayıb. Bundan başqa, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən fənn olimpiadalarında məktəbin 1 şagirdi uğurlu iştirak edərək bürünc medal qazanıb. Məktəbin təcrübəli müəllimlərindən Hökümə Mahmudova, Sevda Seyidova və Gültac Əmirova dedilər ki, yaxşı müəllim şagirdə elm öyrətməklə yanaşı, onu Vətəninə, dövlətinə layiq vətəndaş kimi hazırlamalıdır. Bu gün ən müasir şəraitə malik siniflərdə, ən yeni tədris metodlarından istifadə etməklə dərs keçmək imkanımız var. Biz də yaradılan imkanlardan düzgün bəhrələnib, sağlam düşüncəyə malik gənclər yetişdirməliyik.
Bu gün Qaraxanbəyli kəndindəki məktəbin müəllim və şagirdlərinə dövlətimiz tərəfindən müasir bina ərməğan olunub. Pedaqoji kollektiv çalışır ki, dövlətimizin bu qayğısına əməli işləri ilə cavab versin. İnanırıq ki, yaradılan şərait yeni-yeni uğurlara aparacaq və bu təhsil ocağı gələcəkdə ölkəmizin qabaqcıl məktəbləri sırasında yer alacaq. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır. Eyni zamanda müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün islahatlar aparılır. Müəllimlərin əməkhaqları qaldırılır. Əlbəttə ki, hər bir məktəbin əsas qiyməti onun fəaliyyətinin göstəriciləri ilə bağlıdır. Hər bir məktəb çalışmalıdır ki, təhsilin səviyyəsi yüksək olsun”.
Qaraxanbəyli kənd 6 nömrəli tam orta məktəbin kollektivi də qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirmək üçün öz işini bu istiqamətdə qurmağa çalışır.
Nail ƏSGƏROV