Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə nazirliyin tabeliyində olan muxtar respublikanın Ekoloji Tərbiyə Mərkəzində növbəti interaktiv dərs keçilib. Dərsi biologiya üzrə fəlsəfə doktoru, mərkəzin “Biomüxtəlifliyin qorunması” dərnəyinin rəhbəri Namiq Abbasov aparıb. “Şahbuz Dövlət Təbiət Qoruğunun florası və bitki örtüyü” mövzusunda keçilən dərs Heydər Əliyev adına Hərbi Liseyin kursantları və muxtar respublikanın 202 ümumtəhsil məktəbinin şagirdləri tərəfindən izlənilib.
Dərsdə bildirilib ki, Azərbaycanda ekologiyaya dövlət səviyyəsində qayğı göstərilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin muxtar respublikaya rəhbərliyi dövründə əsasını qoyduğu təbiəti mühafizə tədbirləri bu gün doğma diyarımızda uğurla davam etdirilir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının flora biomüxtəlifliyi, onun ayrı-ayrı elementlərinin öyrənilməsi, nadir növlərin tədqiqi və qorunması diqqət mərkəzindədir.
Daha sonra məruzəçi Şahbuz Dövlət Təbiət Qoruğu florasının faydalı bitkiləri barədə məlumat verib.
Bildirilib ki, qoruğun florasında bir sıra faydalı yabanı bitkilər yayılıb. Onlar arasında qida əhəmiyyətli bitkilər – cacıq, çaşır, əvəlik, ələyəz, quşəppəyi, baldırğan və digərləri də vardır.
Xalq təbabətində dərman bitkilərindən daha geniş istifadə olunduğunu qeyd edən Namiq Abbasov muxtar respublika ərazisində 106 fəsilə və 436 cinsdə birləşən 722 növ dərman bitkisinin yayıldığını vurğulayıb və onlar haqqında ətraflı məlumat verib.
Sonda qeyd olunub ki, hamı doğma diyarımız Naxçıvanın təbii sərvətlərindən səmərəli istifadə etməli, təbiətimizi qorumalı, onun qayğısına qalmalıdır.
Güntac ŞAHMƏMMƏDLİ