Muxtar respublikada təhsilin inkişafı üçün yaradılan şərait və həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, ali və orta ixtisas məktəblərinə həm sənədvermə, həm də tələbə qəbulunun səviyyəsi ilbəil artır. Ümumtəhsil məktəblərindəki kompüterlərin internet şəbəkəsinə qoşulması isə sənəd qəbulunun vaxtında başa çatmasına imkan verir.
2018-ci ildə ümumtəhsil məktəblərini bitirən 2803 məzundan 2290-ı, yəni məzunların 81,7 faizi ali məktəblərə sənəd vermişdir. Sənəd verən məzunların 610-u (26,6 faizi) I ixtisas qrupunu, 617-si (26,9 faizi) II ixtisas qrupunu, 761-i (33,2 faizi) III ixtisas qrupunu, 148-i (6,4 faizi) IV ixtisas qrupunu, 154-ü (6,7 faizi) isə V ixtisas qrupunu seçmişlər. Sənəd verən məzunların 1228-i, yəni 53,6 faizini oğlanlar, 1062-si, yəni 46,4 faizini qızlar təşkil etmişdir.
2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci mərhələsi – yaz imtahanları artıq başa çatmışdır. Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə sənəd qəbulu və yaz imtahanları nəticələrinin təhlili göstərir ki, muxtar respublika məktəbliləri imtahanlarda uğur qazanmışlar. Ali məktəblərə qəbul üçün sənəd vermiş 1578 məzun, yəni Naxçıvan şəhəri üzrə 333, Şərur rayonu üzrə 283, Babək rayonu üzrə 257, Ordubad rayonu üzrə 159, Culfa rayonu üzrə 191, Şahbuz rayonu üzrə 76, Kəngərli rayonu üzrə 98, Sədərək rayonu üzrə 35, Təhsil Nazirliyinə birbaşa tabe məktəblər üzrə 146 məzun uğurlu nəticə göstərmiş, 278 məzun 500-700 intervalında, 80 məzun isə 450-500 intervalında bal toplamışdır.
500-700 arası bal toplayanlar, əsasən, Heydər Əliyev adına tam orta məktəbin, Naxçıvan Qarnizonunun tam orta məktəbinin, Qızlar Liseyinin, Naxçıvan şəhər 5, 8 və 9 nömrəli, Şərur şəhər 1 və 2 nömrəli, İbadulla kənd tam orta, Ordubad şəhər 1 və 3 nömrəli, internat, Culfa şəhər 3 və Yaycı kənd 1 nömrəli, Şahbuz şəhər 1 nömrəli, Kəngərli rayon Qıvraq qəsəbə və Sədərək kənd 1 nömrəli tam orta məktəblərinin məzunları olmuşlar.
Muxtar respublikanın kəndlərində yaradılmış yüksək təhsil şəraitinin nəticəsidir ki, 500-700 intervalında bal toplayan məzunlar içərisində kənd məktəbləri məzunlarının xüsusi çəkisi artmışdır. Məzunları yüksək bal toplamış 110 ümumtəhsil məktəbindən 79-u kənd məktəbidir. Ən yüksək nəticə əldə edən məzunların da böyük bir hissəsi kənd məktəblərinin məzunlarıdır. Belə ki, Şərur rayonu üzrə Ərəbyengicə, Ordubad rayonu üzrə Gənzə, Şahbuz rayonu üzrə Aşağı Qışlaq, Sədərək rayonu üzrə Sədərək kənd 1 nömrəli tam orta məktəblərin məzunları yaşadıqları rayon üzrə ən yüksək nəticəyə nail olmuşlar.
Muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində yaradılmış yüksək təhsil şəraiti məzunların ixtisas seçimi zamanı bu təhsil müəssisələrinə üstünlük verməsinə səbəb olur. Bu işdə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində “Açıq qapı” günlərində iştirakı da mühüm əhəmiyyətə malikdir. Bu sahədə həyata keçirilən tədbirlər növbəti qəbul imtahanlarınadək davam etdiriləcək.
Təhsil Nazirliyinin kollektivi öz fəaliyyətini günün tələbləri səviyyəsində quraraq növbəti imtahana qədər şagirdlərlə mütəmadi iş aparacaq, onların hazırlıq səviyyəsini yüksəldərək yay qəbul imtahanında daha yüksək nəticələr əldə etmələrinə nail olacaq.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti