Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının III kurs tələbələri aprel ayının 16-dan may ayının 31-dək Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində təcrübə keçiblər. Təcrübə müddətinin yekunu olaraq nazirlikdə tələbələrlə görüş olub.
Görüşdə Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına əsasən ali və orta ixtisas təhsili müəssisələrinin müvafiq ixtisasları Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verilib. Müvafiq ixtisaslarda təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirilir, onlara ixtisaslarına daha dərindən yiyələnmələri üçün köməklik göstərilir.
Qeyd olunub ki, məqsəd gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələridir. Nazirlikdə istehsalat təcrübəsində fəal iştirak edən və təhsil müəssisələrində yaxşı nəticələr göstərən tələbələr təhsillərini başa vurduqdan sonra işlə təmin olunmaq üçün nazirliyə müraciət edə bilərlər.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları Hüsniyyə Rəcəbova, Cavid Mustafayev çıxış ediblər.
Tələbələrdən Fuad Babayev və Zeynəb Əlizadə yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Ekologiya mühəndisliyi ixtisası üzrə III kurs tələbələri Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin istehsalat və xidmət müəssisələrində 15 gün müddətində istehsalat təcrübəsi keçiblər.
Xəbərlər şöbəsi