Mayın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və “İstedad-XXI əsr” kurslarının birgə təşkilatçılığı ilə Naxçıvan Qızlar Liseyinə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanları keçirilib. Naxçıvan Qızlar Liseyində oxumaq istəyən şagirdlərə Azərbaycan dili, riyaziyyat və məntiqdən 70, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə imtahan verən şagirdlərə isə Azərbaycan dili, riyaziyyat, tarix, biologiya, fizika, coğrafiya və ingilis dilindən, ümumilikdə, 100 test təqdim olunub. İmtahana 30 nəzarətçi-müəllim cəlb edilib, sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb.
Məlumat üçün bildirək ki, muxtar respublikanın şəhər və rayonlarından cari ildə VI sinifdə oxuyan 285 şagird sənədlərini Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə, 213 nəfər IV sinif şagirdi isə Naxçıvan Qızlar Liseyinə təqdim ediblər.
Qeyd edək ki, nəticələr www.istedad21.com internet saytında açıqlanacaq.
Məlumat üçün bildirək ki, muxtar respublikanın ümumtəhsil məktəblərinin II-IV və IX-XI sinif şagirdləri arasında test-sınaq imtahanı keçirilib.
Nail ƏSGƏROV