Naxçıvan Dövlət Universitetində magistrantların X regional elmi konfransı keçirilib. Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov gənc tədqiqatçıların elmi fəaliyyətlərinin stimullaşdırılması nəticəsində elmi-tədqiqat işlərinə marağın artdığını önə çəkib.
Universitetin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev dissertasiyaların yazılması üçün ilk olaraq elmi problemin qoyuluşu, işin aktuallığının mühüm əhəmiyyət kəsb etməsi haqqında danışıb.
Universitetin magistratura üzrə dekanı, biologiya üzrə elmlər doktoru Etibar Məmmədov bildirib ki, 1997-ci ildən 7 ixtisas üzrə 27 nəfərə magistr təhsili verməyə başlayan universitetdə hazırda I kursda 55 ixtisas üzrə 138, II kursda isə 35 ixtisas üzrə 103 magistr əyani təhsil alır. Bu günədək universitetdə1593 nəfər magistr dərəcəsi alıb.
Konfransda universitetin Dövlət hüququ ixtisası üzrə I kurs magistrantı Əziz Qasımovun “Vərəsəlik hüququ” mövzusunda çıxışı dinlənilib. Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə II kurs magistrant Gülbani Əliyevaya “İlin magistrantı” diplomu təqdim edilib.
Konfrans bölmə iclasları ilə davam edib, qiymətləndirilən məqalə müəlliflərinə universitetin diplomları təqdim olunub.
Səadət Əliyeva