Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun vəziyyəti və qarşıda duran vəzifələr” barədə 2017-ci il oktyabrın 16-da keçirilən müşavirədə Ali Məclis Sədrinin verdiyi tapşırığa əsasən cari tədris ilində Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin buraxılış siniflərində təhsil alan və qəbul imtahanlarında yaxşı nəticə göstərən şagirdlərin ali və orta ixtisas təhsili müəssisələri ilə tanışlığını təmin etmək məqsədilə “açıq qapı” günləri təşkil edilir.
Qrafikə əsasən Naxçıvan şəhər ümumtəhsil məktəblərindən sonra Şərur və Babək rayonunun ümumtəhsil məktəblərinin şagirdləri muxtar respublikanın ali təhsil müəssisələrində olublar. Şagirdlərə həmin təhsil müəssisələrində yaradılan şərait, tədris prosesi barədə məlumat verilib. Gələcəkdə təhsil alacaqları bu ali təhsil müəssisələrində yaradılmış şəraitlə tanışlıq şagirdlərin düzgün ixtisas seçiminə kömək edəcəkdir.
Qeyd edək ki, tədris ilinin sonunadək muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələri ilə tanışlığı davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti