Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq mayın 23-də Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində olublar.
Tələbələr əvvəlcə buradakı kitabxana ilə tanış olub, məhkəməyə daxil olan sənədlərin, cinayət, mülki, inzibati və sair işlərin, materialların qeydiyyatı, rəsmiləşdirilməsi, formalaşdırılması, göndərilməsi və vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında onlara ətraflı məlumat verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev tələbələrlə görüş zamanı sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, peşəkar, yüksək səriştəli kadrların yetişdirilməsi ölkəmizdə aparılan demokratik-hüquqi dövlət quruculuğunun tərkib hissəsidir. Gələcəyin etibarlı təminatı savadlı, bacarıqlı, yüksək mənəviyyata malik olan intellektual kadrların hazırlanmasından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan hüquqi islahatların tərkib hissəsi kimi hüquq-mühafizə orqanlarında çalışacaq yüksək peşəkarlığa malik, layiqli, ədalətli və humanist kadrların formalaşdırılması böyük əhəmiyyətə malikdir. Ona görə də bu sərəncam tələbələrin yüksəkixtisaslı, bacarıqlı mütəxəssis kimi yetişmələri üçün atılan mühüm addımdır.
Tələbələrin nəzəri biliklərlə yanaşı, praktik bacarıqlara yiyələnməsi baxımından sərəncamın əhəmiyyətini vurğulayan Qasım Əliyev qeyd edib ki, bu istiqamətdə nəzərdə tutulan vəzifələrin uğurlu şəkildə icra olunmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində görüləcək işlərə dair tədbirlər planı təsdiq olunub. Planda Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün seminar-məşğələlərin keçirilməsi, onların məhkəmə proseslərində iştirakının təmin olunması nəzərdə tutulub. Bundan başqa, gələcək hüquqşünasların Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində təcrübə keçmələri üçün lazımi şəraitin yaradılması da həmin planda öz əksini tapıb və bunun nəticəsi olaraq tələbələr ötən illərdə Ali Məhkəmədə təcrübə keçiblər.
Diqqətə çatdırılıb ki, ötən dövrdə bu istiqamətdə xeyli iş görülüb və həyata keçirilən tədbirlər hazırda da davam etdirilir.
Sonra tələbələrin sualları cavablandırılıb.
Nail ƏSGƏROV