23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında təhsilin hərtərəfli inkişafı üçün sistemli tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlər ölkəmizin intellektual gələcəyinə hesablanmış məqsədyönlü dövlət proqramlarının ana xəttini təşkil edir. Bu baxımdan “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 mart tarixli Sərəncamı da böyük əhəmiyyət daşıyır.

Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinin professor və müəllim heyətinin iştirakı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində nümunəvi dərslər təşkil edilir. Hər pedaqoq-alimin ayda bir dəfə belə nümunəvi dərs keçməsi elmi dərəcəsi olan müəllimlərlə orta təhsil müəssisələri arasındakı əlaqələri gücləndirir, eyni zamanda şagirdlərdə tədris olunacaq fənlərə yeni yanaşma tərzi aşılayır, onların gələcək peşə seçimlərində düzgün qərar vermələrinə müsbət təsir göstərir. Sərəncamdan irəli gələn vəzifələrin icrasına uyğun olaraq müxtəlif ixtisaslar üzrə elmi dərəcəyə malik kadrların məhz vaxtilə təhsil aldıqları, məzunu olduqları ümumtəhsil məktəblərində tədrisə cəlb edilmələri isə müəllim-şagird kontingentində doğmalıq hissi ilə yanaşı, tədris mühitində yeni ab-havanın yaranmasına da öz təsirini göstərir. Keçilən bu cür dərsləri izləmək marağı yaxın günlərdə bizi də belə bir dərsin iştirakçısına çevirdi. Belə ki, bir neçə gün bundan əvvəl Kəngərli rayon Qarabağlar kənd 2 nömrəli tam orta məktəbdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl tərəfindən aparılan “Ana dilinin saflığı” mövzusunda nümunəvi dərsdə iştirak etdik.

Qeyd edək ki, X sinif şagirdlərinin iştirak etdiyi dərsdə mövzu hamı üçün maraqlı idi. Hər kəs ana dilimizlə bağlı deyilənlərə diqqətlə qulaq asır, müəllimin suallarına dolğun cavab verirdi. Diqqətçəkən əsas məqam isə şagirdlərin müəllimə daha çox sual ünvanlamaları idi. Yəqin ki, bu da onların çox öyrənmək istəyindən irəli gəlirdi. Məktəblilərin dərsboyu fəallıq göstərməsi, sinifdə müəllim və şagirdlər arasında fikir mübadiləsinin aparılması keçilən dərsin, həqiqətən, nümunəvi olmasından xəbər verirdi.
Dərsdən sonra Zülfiyyə İsmayıl bizimlə söhbətində bildirdi ki, bu gün muxtar respublikamızda təhsilin keyfiyyətinin yaxşılaşdırılması, kadr hazırlığının gücləndirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, onun karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması dövlət siyasətinin əsas prioritetinə çevrilib. Bu sahədə görülən işlərin tərkib hissəsi kimi nümunəvi dərslərin aparılması həm şagirdlər, həm orta məktəb müəllimləri, elmi dərəcəli mütəxəssislər üçün çox faydalıdır. Orta məktəblərdə belə dərslərin təşkili yeni, əhəmiyyətli və davamlı bir tədbir olmaqla, bütövlükdə, təhsildəki sistematikliyin, ardıcıllığın möhkəmlənməsi, qarşılıqlı əlaqələrin, təcrübə mübadiləsinin daha da dərinləşməsi, yeni nəsillərin hərtərəfli hazırlığına şərait yaradır.
Zülfiyyə İsmayıl onu da qeyd etdi ki, məktəbin həm pedaqoji heyəti, həm də şagirdlər nümunəvi dərslərə böyük maraq göstərirlər. Biz də şagirdləri yeni elmi uğurlardan xəbərdar etməklə yanaşı, həm də onlarda Vətənimizə, milli dəyərlərimizə məhəbbət hissləri təlqin edir, hər­tərəfli yetişmələrinə çalışırıq.
Burada olarkən Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin direktoru Əsgər Qurbanovun da fikirlərini öyrəndik. O bildirdi ki, muxtar respublikamızda həyata keçirilən möhtəşəm təhsil siyasətinin parlaq təzahürlərindən biri də ümumtəhsil məktəblərində nümunəvi dərslərin təşkilidir. Bu həm məktəbimizin yetirmələri ilə əlaqələrin gücləndirilməsinə, həm də keçilən dərslərin daha effektli olmasına imkan verir.
Məktəbin X sinif şagirdi, nümunəvi dərsin iştirakçısı Gülay Mərsimli isə keçilən dərslə bağlı fikirlərini belə ifadə etdi: “Dərs çox maraqlı keçdi. Azərbaycan dili mənim çox sevdiyim fəndir. Eyni zamanda düşünürəm ki, bu fənni mənimsəmək hər kəs üçün zəruridir, çünki doğma dilimizi dərindən öyrənmək hamının borcudur. Dərsin mövzusu dilimizin saflığının qorunması haqqında idi. Dərsin digər müəllim tərəfindən tədris olunması bizim üçün ona görə maraqlıdır ki, hər müəllimin özünə­məxsus pedaqoji bacarığı olur və dərslər fərqli metodla tədris edilir. Həm də düşünürsən ki, bizə bu dərsləri keçən alimlər də vaxtilə bu məktəbdə oxuyublar, ilk bilikləri buradakı sinif otaqlarında mənimsəyiblər. Onların bugünkü elmi uğurlarının təməli məhz bizim hazırda təhsil aldığımız bu məktəbdə qoyulub. Bu, bizi təhsil almağa daha da həvəsləndirir”.
Digər şagird Vahid Mikayılzadə isə dedi ki, məktəbimizin yetirmələri olan müəllimlərin bizə dərs keçməsi hər birimizin ürəyincədir. Xüsusilə onlardan hər zaman bu fikri eşidirik ki, onlar oxuduqları dövrdə tədris şəraiti belə olmayıb, təhsildə böyük çətinliklər yaşayıblar. Buna baxmayaraq, yaxşı oxuyaraq müxtəlif sahələrdə öz fəaliyyətlərini davam etdiriblər. Bu baxımdan biz daha yaxşı oxumalı, yaradılmış bu şəraitdən layiqincə istifadə etməliyik.
Göründüyü kimi, elmi dərəcəsi olan müəllimlərin nümunəvi dərslərə cəlb olunması tədrisdə yeniliklərin tətbiqinə, müəllim və şagirdlərin qarşılıqlı fikir mübadiləsində birgə iştirakına, eyni zamanda fərqli dərs mühitinin yaradılmasına imkan verir ki, bu da təhsilimizin ümumi inkişafına öz müsbət təsirini göstərir.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR