23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində II Milli Mühasiblər Forumunda “Mühasibat uçotu” nominasiyası üzrə qalib olan “Mühasibat uçotu” adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov iqtisadiyyatın sürətli inkişafı, beynəlxalq münasibətlərin dərinləşməsi, iqtisadi inteqrasiya prosesinin geniş vüsət alması ilə xarici investorların Azərbaycan iqtisadiyyatına marağının artmasını bildirib, bunun nəticəsində mühasibatlıq haqda bir çox qanunların imzalanmasının ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyətindən danışıb.
Universitetin Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru Teymur Abbasov çıxışında qeyd edib ki, mühasibat uçotu maliyyə xüsusiyyətli hadisə və proseslə əlaqədar məlumatların toplanmasını, təsnifləndirilməsini, təhlil və şərh edilməsini öyrənən bir elmdir. Müasir dövr mühasibatlığının əsası 1973-cü ildə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Komitənin yaradılması ilə qoyulub. Həmin qurum vasitəsilə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları hazırlanıb və dünyanın bir çox ölkələrində tətbiqinə başlanılıb. Bu dövr, əsasən, mühasibat uçotunun ümumqəbuledilmiş prinsiplərinin formalaşması ilə xarakterizə olunur. Yeni nəşrdə də bu sahənin bir sıra aktual məsələləri öz əksini tapıb.
Dünya iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru Ceyhun Mahmudov kitab haqqında məlumat verərək qeyd edib ki, 15 fəsildən ibarət olan nəşrin birinci fəslində mühasibat uçotunun mahiyyəti, tarixi inkişafı və təsərrüfat subyektlərinin formaları ilə bağlı məlumatlar öz əksini tapıb. Sonrakı fəsillərdə isə ardıcıl olaraq maliyyə hesabatlarının elementlərindən, hesablar və ikili qeydiyyat prinsiplərindən, pul vəsaitləri, debitor borclar, ehtiyatlar və maliyyə aktivlərinin uço­tundan, uzunmüddətli maddi və qeyri-maddi aktivlərin uçotu və amortizasiyası metodlarından, xüsusi kapital, öhdəliklər, gəlirlər və xərclərin yaranması və uçot prinsiplərindən bəhs edilir. Daha sonra maliyyə hesabatlarının təhlili qaydaları göstərilib, sonuncu fəsildə isə praktik nümunələr əsasında daha geniş və əhatəli şəkildə maliyyə hesabatlarının hazırlanması mərhələləri izah edilərək müəssisələrin qarşılaşacağı çoxsaylı problemlərə toxunulub.
Kitabın müəllifləri “Cahan” Holdinq Şirkətlər İttifaqının Bakı şəhərindəki bazarlama xidmətinin maliyyə müdiri Elvin Həsənov, “Naxçıvanqaz” İstehsalat Birliyinin mühasibi Elvin Əlimərdanov çıxışlarında bildiriblər ki, dərs vəsaitindən iqtisadi təmayüllü ali təhsil müəssisələrinin tələbələri, magistrləri, müəllimləri, müəssisədə çalışan mühasiblər, auditorlar, iqtisadçılar və mühasibat uçotu elminə maraqlı olan digər şəxslər istifadə edə bilərlər. Hər iki müəllif kitabın təqdimatının təşkilinə görə minnətdarlığını bildirib, qazandıqları mükafatın muxtar respublika elminə, təhsilinə göstərilən diqqət və qayğının təzahürü olduğunu vurğulayıb.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR