23 Dekabr 2024, Bazar ertəsi

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda Peşə Təhsili və Təliminə Avropa İttifaqının dəstəyi” layihəsi çərçivəsində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə dünən “Təbriz” mehmanxanasında “Peşə təhsili və təlimi, bacarıqların gələcək inkişafı və iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsinə dair təcrübə mübadiləsi” adlı seminar təşkil olunub.
Seminarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Xarici əlaqələr şöbəsinin müdiri Röya Səfərova açaraq qonaqları salamlayıb, seminarın əhəmiyyətini vurğulayıb, tədbir iştirakçılarına uğurlar arzulayıb.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas tədbir iştirakçılarını salamlayıb, Naxçıvanda yüksək qonaqpərvərliklə qarşılandıqları üçün minnətdarlığını bildirib, rəhbərlik etdiyi nümayəndəliyin fəaliyyət istiqamətlərindən bəhs edib. Bildirib ki, Avropa İttifaqı Azərbaycan Respublikasında peşə təhsili və təlimi sahəsində davam edən islahatları dəstəkləyir. Bu dəstəyin Naxçıvan Muxtar Respublikasına da faydalı təsirlərini nəzərə alaraq reallaşan seminar Avropa İttifaqının peşə təhsili və təlimi sahəsində ən nümunəvi ­təcrübələrini paylaşmaq, Avropa ­İttifaqının Azərbaycanda peşə təhsili sahəsində davam edən və gələcəkdə planlaşdırılan layihələrini, Azərbaycan Respublikasının Peşə Təhsili üzrə Dövlət Agentliyinin hazırda davam edən və planlaşdırılan tədbirlərini təqdim etmək, Naxçıvan Muxtar Respublikasında peşə təhsili və təlimi sistemində mövcud praktika və qarşıda duran məsələlərlə tanış olmaq məqsədləri daşıyır.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov “Naxçıvan Muxtar Respublikasında peşə təhsilinin inkişafı” adlı məruzəsində regionda peşə təhsilinin inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun böyük qayğısı sayəsində günü-gündən yeniləşən Naxçıvan özünün hazırkı sürətli inkişaf dövründə ötən hər ili sosial-iqtisadi həyatda əldə olunan mühüm nailiyyətlərlə başa vurur. Bu illərdə uğurla həyata keçirilən dövlət proqramları əsasında muxtar respublikanın sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq bir sıra mühüm tədbirlər həyata keçirilib, təhsilin bütün pillələri kimi, peşə təhsilinin inkişafı da diqqətdə saxlanılıb.
Vurğulanıb ki, peşə təhsili müəssisələrində tədris prosesi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş tədris planları əsasında həyata keçirilir, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən göndərilmiş dərsliklərdən istifadə olunur, elektron tədris vasitələrindən istifadəyə daha çox üstünlük verilir. Tədrisin keyfiyyətinin yüksəldilməsi və mütəxəssislərə lazımi metodik köməklik edilməsi məqsədilə nümunəvi dərslərin təşkili diqqətdə saxlanılır. Müdavimlərin nəzəri biliklərlə yanaşı, istehsalat bacarığının formalaşması üçün praktik dərslər emalatxanalarda keçilir.
Nazir qeyd edib ki, muxtar respublikada fəaliyyət göstərən peşə təhsili müəssisələrində təhsil alan müdavimlərin nəzəri biliklərinin praktik bacarıqları ilə əlaqəli şəkildə inkişaf etdirilməsi məqsədilə hər bir ixtisasa uyğun gələn istehsalat sahəsi ilə təhsil müəssisələri arasında müqavilələr bağlanılır. Həmin müqavilələrə uyğun olaraq müdavimlər istehsalat təlimi ustalarının nəzarəti altında ixtisaslarına uyğun olan sahə üzrə istehsalat təcrübəsi keçir. Nəzəri biliklərin praktikada möhkəmləndirilməsini təmin edən istehsalat təcrübəsinin sonunda hər bir müsbət qiymət alan müdavim üçün istehsalat xasiyyətnaməsi verilir ki, bu da onların buraxılış imtahanlarında iştirakına zəmanət verir. Həyata keçirilən bu proses isə əmək bazarı ilə əlaqənin daha da sıx qurulmasına və azad iqtisadi münasibətlər şəraitində müxtəlif sahələrdə ixtisaslı işçi qüvvəsinə yaranan tələbatın çevik şəkildə ödənilməsinə şərait yaradır.
Qeyd edilib ki, hazırda muxtar respublikada 5 peşə təhsili müəssisəsi – Naxçıvan, Şərur və Ordubad şəhərlərində Texniki-Peşə və Sürücü­lük Məktəb kompleksləri, Naxçıvan şəhərində Peşə Liseyi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Regional Peşə Tədris Mərkəzi fəaliyyət göstərir. Bu təhsil müəssisələri ən yeni texnologiyalarla təchiz olunub, emalatxanalar yaradılıb. Məktəblərə elektron lövhələr, kompüter dəstləri verilib. Bütün bunlar adıçəkilən təhsil ocaqlarında oxuyan gənclərin öz peşələrinə dərindən yiyələnmələrinə imkan verib. Təhsilini başa vuran müdavimlərin işlə təminatı da diqqət mərkəzində saxlanılır.
Seminarda Azərbaycan Respublikası Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin “Azərbaycanda peşə təhsili və təlimi üzrə strateji yol xəritəsi çərçivəsində cari və planlaşdırılmış fəaliyyətlər”, “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” layihəsinin rəhbəri Herman Sonneveldin və layihənin baş eksperti Aleksander ­Siboninin “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” layihəsi çərçivəsində cari və planlaşdırılmış fəaliyyətlər”, Avropa Təlim Fondunun Əməliyyatlar şöbəsinin müdiri Anastasia Fetsinin “Peşə təhsili və təliminin potensialı: düzgün bacarıqlar və yaxşı imkanlarla yenilik və rəqabətədavamlılıq” və fondun Azərbaycandakı səlahiyyətli nümayəndəsi Margareta Nikolovskanın “Üzv dövlətlər və peşə təhsili və təlimində Turin prosesinin rolu” mövzularında məruzələri dinlənilib. Sonra müzakirələr aparılıb.
Seminardan sonra Naxçıvan şəhər Peşə Liseyində yaradılmış şərait, liseyin fəaliyyəti ilə yaxından tanış olan qonaqlara muxtar respublikanın yerli məhsullarından ibarət hədiyyələr təqdim edilib.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR