25 Dekabr 2024, Çərşənbə

(Oçerk)

10-cu sinifdə oxuyanda müəllimimiz bizimlə kimin hansı ixtisası seçəcəyi barədə tez-tez söhbətlər aparırdı. Sinif yoldaşlarımdan biri fizika ixtisasını seçmək arzusunda olduğunu söyləyəndə digər sinif yoldaşlarımdan biri: heç indiyə qədər görmüsən ki, qadından fizik ola,– deyə dilləndi. İlk olaraq mən də bu qənaətlə razılaşdım. Ancaq sonralar başa düşdüm ki, qənaətimdə yanılmışam. Bir neçə gün sonra müəllimimiz “Şərq qapısı” qəzetinin 2000-ci ildə çıxmış saylarından birini sinfə gətirdi. Qəzetdə dərc olunmuş bir yazını bizə oxudu. Həmin yazıda naxçıvanlı fizika-riyaziyyat elmləri doktoru Zərifə Əliyarovadan söhbət gedirdi. Orta məktəbi başa vurduq. Sinif yoldaşlarımın hərəsi bir peşəni seçdi. Mənə isə qəzetdə işləmək nəsib oldu. Bu günlərdə redaksiyamızın arxivində orta məktəbdə oxuyarkən müəllimimizin sinfə gətirdiyi qəzetin həmin nömrəsinə rast gəldim. Maraq məni bir daha üstələdi. Yazını yenidən oxudum. Müəllif Zərifə Əliyarova haqqında çox qısa məlumat verdiyindən jurnalist marağı ilə naxçıvanlı alim haqqında araşdırma aparmağı qarşıma məqsəd qoydum.

Kimdir Zərifə Əliyarova? Azərbaycan elmi üçün nələr edib? İnternet saytlarında Zərifə xanım haqqında heç bir məlumata rast gəlmədim. Düzünü deyim ki, belə biganəlik bir qədər də qəlbimi sıxdı. Necə ola bilər ki, naxçıvanlı ilk fizik-alim qadın haqqında saytlarda heç bir məlumat olmasın. Ertəsi gün, necə deyərlər, üzüm gülürdü. Öyrənmişdim ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Zərifə xanım haqqında kifayət qədər material var. Azərbaycan və rus mətbuatında onun haqqında yazılan məqalələri oxuduqca bir daha əmin oldum ki, Zərifə Əliyarovanın Azərbaycanda fizika elminin inkişafında xidmətləri böyükdür.

1935-ci il may ayının 8-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olan Zərifə Əliyarovanın uşaqlıq illəri əzab-əziyyətli keçmişdir. Anası çox cavan ikən dünyasını dəyişdiyindən o, kiçik yaşlarından valideyn nəvazişindən məhrum olmuş, üstəlik də atası repressiyaya məruz qalaraq Qazax­ıstana sürgün edilmiş və orada vəfat etmişdir. Ona görə də Zərifə xanım uşaqlıqdan həyatın ağrı-acılarını yaşamışdır. Ancaq rastlaşdığı çətinliklər onun sabaha olan ümidlərini qıra bilməmiş, 1951-ci ildə Naxçıvan şəhərindəki 2 nömrəli qız orta məktəbini əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin fizika ixtisasına qəbul edilmişdir. Tələbəlik həyatı yaddaqalan olmuşdur. Universitetdə keçirilən Tələbə Elmi Cəmiyyətinin yığıncaqlarında müntəzəm iştirak etmiş, maraqlı tədqiqatları ilə müəllimlərinin diqqətini çəkmişdir. Ali təhsil müəssisəsində “naxçıvanlı qız” adlandırılan, bundan qürur hissi duyan Zərifə Əliyarova universitetin 1956-cı il buraxılışında fiziklər arasında yeganə qırmızı diplom alan gənc­lərdən biri olur. Hətta onun yazmış olduğu buraxılış işi AMEA-nın “Xəbərlər” jurnalında çap edilir. O, sonra akademik Yusif Məmməd­əliyevin təqdimatı ilə Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunun aspiranturasına daxil olur, 1959-cu ildə yarımkeçiricilər fizikası sahəsində namizədlik dissertasiyası müdafiə edir. Azərbaycanlı qadınlar arasında ilk fizika-riyaziyyat elmləri namizədi adını qazanan Zərifə Əliyarovanın elmin bu çətin sahəsinə verdiyi töhfə həmkar­ları arasında ona böyük hörmət qazandırır. Prinsipiallıq, elmə dərindən bağlılıq, hələ tələbəlik illərindən onda yaranmış tədqiqatçılıq vərdişləri alimi daha böyük elmi nəticələrə ruhlandırır. Gecə-gündüz kitabxanalarda, laboratoriyalarda çəkdiyi zəhmət hədər getmir. 1975-ci ildə doktorluq dissertasiyasını müdafiə edir. Həmin dövrdə Zərifə Əliyarovanın adı bütün SSRİ məkanında və xarici ölkələrdə yarımkeçiricilər fizikası ilə məşğul olan görkəmli alimlərlə bir sırada çəkilirdi. O, yenilikçi alimlərlə bir sırada idi. Onun rəhbərliyi altında elmlər namizədləri və elmlər doktorları yetişirdi. O, dissertantlarına qarşı qayğıkeş olduğu qədər də tələbkar idi. 
Çoxlarımızın tanımadığımız bu alim haqqında araşdırmalar apararkən öyrəndim ki, onun yaxın qohumlarından Naxçıvanda yaşayanlar var. Zərifə Əliyar­ovanın bacısı qızlarından biri Rəna Əliyeva Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə tədris işləri üzrə direktor müavini işləyir. Rəna xanımla görüşdük. Onunla xeyli söhbət etdik. Rəna müəllimə xalası ilə bağlı xatirələrini danışdı. Bir daha ilk azərbaycanlı fizik-alimin həm alim, həm şəxsiyyət, həm də bir ana kimi böyüklüyünü duydum. Müsahibim mənə Zərifə Əliyarovanın fotoşəklini və onun haqqında yazılmış bir neçə məqalə təqdim etdi. Dünya şöhrətli “Oqonyok” və “Smena” jurnallarında, respublikada çıxan qəzetlərdə onun haqqında dəfələrlə geniş yazılar çap olunmuşdur. Bütün bu yazılar üçün əsas var idi, çünki Zərifə Əliyar­ovanın apardığı işlər dünya alimləri tərəfindən bəyənilirdi və o, 1972-ci ildə Respublika Dövlət Mükafatına layiq görülmüşdü.
Zərifə Əliyarova elmi işlərlə yanaşı, müəllimlik fəaliyyəti ilə də məşğul olurdu. Aktiv fəaliyyətə üstünlük verən professor 1983-cü ildən ömrünün sonuna kimi Neft Akademiyasının Fizika kafedrasının professoru olmuşdur.

Adını ilk dəfə orta məktəbdə oxuyarkən müəllimimdən eşitdiyim bu alim haqqında qeydlərimə burada nöqtə qoyuram. Onun həyat yolunu nə dərəcədə oxuculara çatdırdım, deyə bilmərəm. Onu demək istəyirəm ki, adı fizika sahəsində görkəmli alimlərlə yanaşı çəkilən Zərifə Əliyarovanı bugünkü nəsil də tanımalıdır. Mütləq tanımalıdır. Onun buna haqqı var. Gəlin belə insanları tanıyaq və tanıdaq. 

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR