Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikanın qabaqcıl müəllimlərinin və uşaq bağçaları əməkdaşlarının iştirakı ilə keçirilən konfransın plenar iclasını institutun rektoru, AMEA-nın müxbir üzvü Oruc Həsənli açıb.
O, təhsil kurikulumlarının tədrisə tətbiqinin əhəmiyyətindən bəhs edərək bildirib ki, artıq öz bəhrələrini verməkdə olan fənn kurikulumları muxtar respublikanın bütün tam orta məktəblərində yeni metod kimi tətbiq edilir. Bunun üçün fənn müəllimləri və muxtar respublikanın uşaq bağçalarında çalışan tərbiyəçi və müəllimlər üçün kurslar təşkil edilir.
Plenar iclasda institutun Kurikulum mərkəzinin müdiri Tamara Baxşəliyevanın “Uşaq şəxsiyyəti formalaşdırılmasında kiçik qruplarla işin əhəmiyyəti”, Naxçıvan Qarnizonu tam orta məktəbinin ibtidai sinif müəllimi Gülxarə Tarverdiyevanın “İbtidai siniflərdə riyaziyyat fənnindən “Dördbucaqlılar” mövzusunda dərs nümunəsi”, Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbin müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İmmi Hüseynovanın “Azərbaycan tarixi fənnindən “Azərbaycan Xalq Cümhuriyyətinin sosial-iqtisadi və mədəni tədbirləri” mövzusunda dərs nümunəsi”, Naxçıvan şəhər 5 nömrəli uşaq bağçasının müəllimi Cəmilə Hüseynovanın “Məktəbəqədər müəssisələrdə kurikulumların tətbiqi yolları”, Ordubad rayonunun Dəstə kənd tam orta məktəbinin müəllimi Hüseynəli Bağırovun “Azərbaycan tarixi dərslərində fənlərarası inteqrasiya” və başqa mövzularda məruzələr dinlənilib.
Məruzələrdə qeyd olunub ki, fənn kurikulumlarında təlimin ümumi və xüsusi nəticələri vardır. Bunlar həm məzmunu müəyyənləşdirmək, həm də qiymətləndirmə aparmaq baxımından əhəmiyyət daşıyır.
Konfrans öz işini beş bölmə üzrə davam etdirib. Bölmələrdə Naxçıvan Muxtar Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, Naxçıvan şəhərindəki 17 nömrəli tam orta məktəbin müəllimi Kəmaləddin İsmayılovun, 14 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aynur Eyvazovanın, 10 nömrəli uşaq bağçasının müdiri Elnarə Seyidovanın, 1 nömrəli uşaq bağçasının tərbiyəçisi Səfa Bağırovanın, 11 nömrəli uşaq bağçasının tərbiyəçisi Lamiyə Rzayevanın, həmin bağçanın tərbiyəçisi Səbinə İsmayılovanın və başqalarının müxtəlif mövzularda məruzələri maraqla qarşılanıb.
Muxtar MƏMMƏDOV