Muxtar respublikamızda təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi prioritet məsələdir. 2018-ci ilin ötən dövründə Culfa rayon Dizə və Şərur rayon Ərəbyengicə kənd tam orta məktəblərinin yeni binası istifadəyə verilmiş, Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbdə isə tikinti işləri başa çatdırılmışdır. Muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Naxçıvan şəhərində yerləşən muzeylər arasında 4, AMEA Naxçıvan Bölməsi ilə 4 və Ekoloji Tərbiyə Mərkəzi ilə 2 interaktiv dərs keçilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəli müəllimləri tərəfindən ümumtəhsil məktəblərində 617 saat nümunəvi dərs tədris olunmuşdur. Məktəblilərin fənn olimpiadasının rayon mərhələsində 652 şagird iştirak etmiş, onlardan 226-sı respublika mərhələsinin yarımfinalında təmsil olunmaq hüququ qazanmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə ”Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilmişdir. Sərəncama uyğun olaraq bütün təhsil müəssisələrində həmin kitablardan ibarət sərgilər hazırlanmış və təhsil işçiləri, eyni zamanda tələbə, şagird və müdavimlər tərəfindən bu kitabların mütaliəsinin və müzakirəsinin keçirilməsi təmin edilmişdir. Bundan başqa, “Oxunması zəruri olan kitablar”ın gənc nəslə dərindən aşılanması üçün ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri ilə Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri arasında bilik yarışı keçirilmişdir. Heydər Əliyev adına Hərbi Liseyə sənəd verən namizədlərin liseydə ekskursiyaları təşkil olunmuşdur. 23-25 mart tarixlərdə isə ümumtəhsil məktəblərində çalışan hərbi rəhbərlərin 3 günlük hərbi təlim toplantısı keçirilmişdir.
Muxtar respublikamızda peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, qeyd olunan dövrdə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrini, ümumilikdə, 30 qrupda 544 müdavim təhsillərini başa vuraraq müvafiq təhsil sənədi almışlar. Onlardan da 16 qrupda 377-si sürücülük kurslarının, 9 qrupda 167-si isə digər peşə kurslarının müdavimləridir. Hazırda muxtar respublika üzrə peşə məktəblərində 25 qrupda 551 müdavim öz təhsilini davam etdirir.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti